
Azərbaycan parlamentinin 8 üzvü ölkəmizin İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyinin təntənəli açılış mərasimində iştirak edir.
Bu barədə Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
O vurğulayıb ki, bu, Azərbaycanın xarici siyasətində çox əlamətdar hadisədir: “Bu, iki ölkə – Azərbaycan və İsrail arasında münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək və ikitərəfli əməkdaşlığın zəruri sahələrində mühüm qərarların qəbul edilməsinə imkan yaradacaq”.
Deputat İsrailin 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk dövlətlərdən biri olduğunu və 1992-ci ilin aprelindən iki ölkə arasında diplomatik münasibətlərin qurulduğunu xatırladıb.
“Azərbaycanda, əsasən də Bakıda və Quba rayonundakı Qırmızı qəsəbədə 30 min yəhudi yaşayır. Ölkəmizdə uzun illərdir İsrail səfirliyi uğurla fəaliyyət göstərir. Vacib məqam odur ki, İsrail bizim strateji tərəfdaşımızdır, bizi bir-birimizə ciddi iqtisadi, o cümlədən enerji, hərbi əlaqələr bağlayır. Ümumiyyətlə, iki ölkə bir çox məsələlərdə bir-birini dəstəkləyir”, – deputat söyləyib.