Fransa surətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır.

Bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, Fransa Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən diplomat Prezident Emmanuel Makron tərəfindən qəbul edilib: “Beynəlxalq münasibətlərdə və diplomatik təcrübədə rast qəlinən belə bir addımla bağlı bir sıra şərhlərə ciddi ehtiyac var”.

Deputatın sözlərinə görə, ikitərəfli münasibətlərdə Fransanın uzun müddət ərzində sərqilədiyi destruktiv fəaliyyət faktiki olaraq hazırda pik həddə çatıb:

“25 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupu çərçivəsində guya vasitəçilik missiyası ilə məşğul olan dövlət 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan qətnamənin qəbul edilməsinin əleyhinə səs verir. Halbuki müzakirəyə təqdim olunan sənəddə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi və bir sıra digər mühüm məsələlər öz əksini tapıb. Fransa Parlamentinin hər iki palatası – Senat və Milli Assambleya ölkəmizə qarşı vahid cəbhədən çıxış edərək, hamılıqla qəbul edilən beynəlxalq hüquq prinsiplərlərinə dəfələrlə hörmətsizlik nümayiş etdirib aşkar formada təcavüzkar Ermənistanı dəstəkləmiş və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan qətnamələr qəbul edib”.

İstinadlar Report