“Bəzən cəmiyyətdə, xüsusən sosial mediada belə təəssürat formalaşır ki, cəsarət ancaq tənqid etməkdir”.
Bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“COP29-da Azərbaycanın özünün qlobal lider missiyasını ləyaqətlə yerinə yetirməsi, əslində regionda təcavüzkar niyyətlərini açıq müstəviyə keçirmiş Qərb imperializmi üçün fiasko demək oldu.
Amma görünən odur ki, necə ki, Vətən müharibəsi və antiterror tədbirləri ilə, eləcə də COP-da əldə olunan nəticələrlə Azərbaycan cənab İlham Əliyevin təbirincə desək, elə daşları yerindən tərpədib ki, təcavüzkar qütb hələ də bizdən əl çəkmək istəmir.
Təəccüblü deyil ki, Qərbin revanş missiyasına imperializmin Azərbaycandakı marionetləri – antimilli ünsürlər də adəti üzrə, sözün əsl mənasında, züy tutmaqdadır. Evinə normal modem alıb qoya bilməyən adam – ünsür hökuməti ona internet blokadası tətbiq etməkdə günahlandırır (Əli Kərimli – red) və Qərb muzdu ilə mövcudluğunu sürdürən media, o cümlədən sosial media qaragüruhu da belə saxta məlumatları tirajlayır. Bax, belə bir ucuz situasiya ilə üz-üzəyik”, – deyə deputat bildirib.
J.Əliyevanın sözlərinə görə, cəsarət ancaq tənqid etmək deyil: “Cəsarət ancaq mənfiliklər axtarıb tapıb səsləndirmək paylaşmaqdır. Amma ən böyük cəsarət əslində yaxşı işləri dilə gətirilmək bacarığıdır. Biz unutmamalıyıq ki, tariximizin ən qüdrətli dövrünü yaşayırıq, bunu dilə gətirməyib nədən danışacağıq?! Bu gün dünyanı lərzəyə gətirən güclərin Azərbaycana yeganə təsir cəhdi binokllarla baxmaqdan o yana keçmir. Ona görə də artıq qalib kimi, güclü kimi İlham Əliyev kimi düşünməyə, qalib kimi davranmağa başlamalıyıq. Unutmamalıyıq ki, qələbənin nəticələrini gələcək nəsillərə ötürmək bizim öhdəliyimizdir”.