Azərbaycan “yaşıl enerji”nin dəstəklənməsi istiqamətində mövqelərini daha da gücləndirir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb və 50,2 MVt-dən artıq günəş enerjisi istehsal olunub: “Bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var. Bu artımlar Azərbaycan üçün 2030-cu il hədəflərinə nail olunması baxımdan vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 %-ni “yaşıl enerji” hesabına ödəmək niyyətindədir”.

Deputat qeyd edib ki, digər tərəfdən bu, Azərbaycan üçün “yaşıl enerji” də ixrac imkanları deməkdir: “2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə öz “yaşıl enerji”sini çıxaracağı gözlənilir. “Yaşıl enerji” ixracının artması Azərbaycan üçün ixracın şaxələndirilməsi və enerji ixracının strukturunun keyfiyyətcə dəyişməsi baxımından vacib bir addımdır”.

İstinadlar Report