Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi dəniz kənarında inşa edilən qanunsuz tikilini söküb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.
Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir.
Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.
Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.
Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.
Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli böyrək çatışmazlığından vəfat edib.
Səlbi dünən Bakıda dəfn edilib.
Dəfn mərasimində çoxsaylı ictimaiyyət nümayəndələri, icra başçıları, incəsənət və mədəniyyət xadimləri, şəhid anaları və qazilər iştirak ediblər.
Qeyd edək ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

8–12 may tarixlərində iş adamı Tahir Gözel, AfCFTA-nin Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.
Tahir Gözel çıxışına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayaraq başlamış, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırıb.
Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel, “ASAN Xidmət” modelinin uğurunu, Kosmik Agentlik (“Azərkosmos”) və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edib, bu sahədə dəstəyə hazır olduqlarını bildirib. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən olan nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edib. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və eyni zamanda nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.
Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati, eləcə də Rwandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.
Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə, “ASAN Xidmət” modelinin uğuru və “Proxima Tech Solutions”un təqdim etdiyi qabaqcıl texnoloji həllər vurğulanıb. O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.
Zambiyanın Texnologiya və Elm naziri cənab Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədi ilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib. Rwandanın Ticarət və Sənaye naziri cənab Prudence Sebahizi isə Prezident Paul Kagamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini ifadə edib. Ətraflı məlumat alan nazirlər, Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.
Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.
Onlar tanınmış bloqerlərin də reklam etdiyi bu şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.
Zərərçəkənlərdən birinin sözlərinə görə, “Daşqın əmlak ofisi” adlanan şirkəti “TikTok”da görüb: “Gəldim bura. Maşınım var idi, dedi, get sat, iki ay ərzində sənə ev verəcəyəm. 30-40 minlik ev istədim, 16 ildir kirayədə qalıram. Ona 7000 manat verdim. Pulu rəsmi şəkildə vermədim, izahat yazdı”.
Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran həm də tanınmış bloqerlər olub: “Miri və Tərlan adlı bloqerlər özləri bu alqı-satqı şirkətini reklam edirlər. 6 min pul ödəmişəm, ortada heç nə yoxdur”.
Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var: “10 min pul gətirib vermişəm. Notariat ofisə mən, yoldaşım və Daşqın getmişdik. Əlimdə sənədim var”.
“TikTok”da bloqer Miri olaraq tanınan Mirəhməd Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmənnasız ev verməklə onu inandırdıqlarını söyləyib: “Şirkətin şəhid, qazi ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm”.
Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.
Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:
Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 1 213 evin inşası sona çatıb.
“Haber Global” telekanalının əməkdaşı sözgedən şəhərdə olub.
Bildirilir ki, tikinti işləri TOKİ və MİDA-nın rəhbərliyi ilə həyata keçirilib. Zəlzələdən sonra dağılan evlər müasir şəhərsalma yanaşması ilə yenidən qurulur.
Layihəyə 1 213 ev, 1 318 mağaza və 464 ofis daxildir.
Məhəllədə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da var.
Telekanalın əməkdaşı evlərin öz sahiblərinə iyunun sonunda təhvil veriləcəyini və açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.
Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
“Qafqazinfo”nun məlumata görə, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Bu FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.
Prezidentin bugünkü çıxışının – Videosu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib.
Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

“Ögey ana” və “Fəryad” filmlərinin baş qəhrəmanına həyat verən mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Rusiya paytaxtında küçədə yaşayır.
Bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.
Onun sözlərinə görə, aktyorun yeganə övladı uzun müddət öncə Azərbaycandan gedib: “Niyə görə gedib? Küsüb gedib? Nə baş verib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və nə üçün qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsələr də, qəbul etmir, gizlənir, tez-tez yerini dəyişir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Ceyhun qızı Mirzəyeva …”
Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub. O, 47 yaşının tamamına az qalmış – 1993-cü il martın 5-də vəfat edib.
Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.
Daha ətraflı videomaterialda:
Polis Akademiyasının kursantlarından fləşmob – Video

DİN-in Polis Akademiyasının kursantları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan fləşmob keçiriblər.
Fləşmobda “Tarix yazan lider, tarix yazan imza” və “Əbədi yaşa, Ümummilli Liderimiz” kompozisiyaları nümayiş olunub.
Fləşmob videosunu təqdim edirik:
Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
Dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verilib.
Səfər zamanı lentə alınan kadrlarda Prezidentlə xanımının səmimi görüntüləri də yer alıb.
Görüntüləri təqdim edirik:
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun rəhbər və dinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisi çərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetinə səfər edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər zamanı nümayəndə heyətinə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini – Hərbi elmi tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Pakistan nümayəndə heyətini salamlayaraq, Azərbaycan ilə Pakistan arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, bu əlaqələrin hərbi təhsil sahəsində də dərinləşməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində yaxın gələcəkdə yaradılması planlaşdırılan yeni təhsil müəssisələri barədə danışıqlar aparılıb.
Səfərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.
Bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Həmçinin baxın
“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO
Sabirabadda 1000 kv metrə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub – VİDEO
“Şəhidlər ölməz, vətən bölünməz” – Hərbçilərimiz Moskva küçələrində-Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla