“Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup işçisi maaşlarının kəsildiyini deyərək bu gün aksiya keçiriblər. 

Aksiyaçılar bildirirlər ki, növbəti aydan onlara əmək haqlarının 1/3 hissəsinin kəsiləcəyi deyilib. Belə ki, 379 manat məvacib alan bələdçilərə bundan sonra təxminən 229 manat maaş alacaqları haqda məlumat verilib. Bələdçilərin əksəriyyəti 25-30 il iş stajlarının olduğunu bildirib və bu davranışa layiq olmadıqlarını qeyd ediblər. Onların sözlərinə görə, 400 bələdçinin problemləri haqda rəhbərliyi məlumatlandırdıqları zaman onlardan “büdcəmizdə bunun üçün pul yoxdur” cavabını eşidiblər. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC də məlumat yayıb. Bildirilib ki, pandemiyanın təsirləri fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə gətirib çıxarıb: “Buna baxmayaraq aidiyyəti dövlət qurumlarının tövsiyələri nəzərə alınaraq pandemiya dövründə həmin işçilərə qarşılıqsız olaraq tam əmək haqlarının ödənilməsi təmin edilib. Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC-də 18 mindən çox işçi heyəti var.  Pandemiya müddətində yalnız 2000-ə yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10.000000 manatdan artıq vəsaiti əhatə edən əmək haqqı ödənilib. Bundan əlavə yoluxmanın yüksək olduğu müxtəlif dövrlərdə istehsalatın fasiləsizliyi təmin edilməklə əməkdaşların növbəli şəkildə 30 % və ya 50 % işə cəlb edilməsi zamanı da bütün əməkdaşların əmək haqlarının tam məbləğdə ödənilməsi həyata keçirilib”.

Qurumdan həmçinin bildirilib ki, hazırkı mühit yaranmış əvəzi ödənilməyən öhdəliklərin qarşısının alınmasını, ADY-də borcların restrukturizasiyasına təsirlərin minimallaşdırılmasını, müvafiq fəaliyyətinin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsini, işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri edib: “Bununla bağlı Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq fəaliyyətsiz qalmış işçilərin boşdayanma vaxtı həmin işçilər üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində ödənişin tətbiqinə başlanılıb və sözügedən bütün tədbirlərin əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla həyata keçirilməsi təmin edilib. Qeyd olunanlarla yanaşı, fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşların sonrakı məşğulluğunun təmin edilməsinə lazımi dəstəyin verilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb və bu əməkdaşların DOST İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilib”.

QSC-dən deyilib ki, fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əmək haqqıya (tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində) yaxın və ya daha yuxarı əmək haqqının ödənilməsi təmin ediləcək. Eyni zamanda, sosial dayanıqlığın təmin edilməsi məqsədilə sözügedən əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub.

İstinadlar Qafqazinfo