Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1970-ci il təvəllüdlü Araz Məmmədovun Aşot oğlunun məhkəməsi keçirilib.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər ifadə verib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Oqtay Əliyev ifadə verərək deyib ki, Bakı Beynəlxalq Avtovağzalında əməliyyat keçiriblər: “İki-üç gün öncə bizə əməliyyat məlumatı daxil olmuşdu. Araz Məmmədova yaxınlaşıb dedik üzərində qanunsuz nə varsa, təqdim et. Cibindən 120 manat pul və heroin çıxarıb təqdim etdi, özü dedi ki, aludəçisi deyiləm. Hardan əldə etdiyini soruşduq, bildirdi ki, 20 dəqiqə əvvəl Avtovağzalın ərazisində suyu zibil qutusuna atarkən paket görüb və götürüb, baxıb bilib ki, narkotikdir”.

A.Məmmədovun vəkili bildirib ki, o saxlanılan zaman yerində ifadə alınarkən hazırlanan protokolda narkotik maddənin adı dəqiqliklə qeyd edilib. O əməliyyatçı O.Əliyevə sual verərək deyib ki, “Siz niyə soruşmadınız ki, 20 dəqiqə əvvəl tapdığı maddənin hanı növ narkotik olduğunu hardan bilir?”.

Oxumağa dəyər:   Britaniya parlamentinin Aşağı Palatası "Brexit" haqqında qanunu qəbul edib

O.Əliyev isə “Bizi bu maraqlandırmırdı, bunu istintaq araşdıracaqdı. Vətəndaş ifadəsində istənilən sözü deyə bilər. Bizi maraqlandıran o idi ki, üzərində narkotik maddə olan şəxsi saxlanmışdıq” deyə cavab verib.

A.Məmmədov isə deyib ki, həmin gün Daxili İşlər Nazirliyindən onu ifadə verməyə çağırdıqları üçün Qazax rayonundan Bakıya gəlib: “Mən çatanda məni çağıran Əşrəf müəllimə zəng etdim, oradan məni nazirliyə aparıb, sorğu-sual etdilər. Soruşdular ki, 2-3 ay əvvəl Moskvada olan filan davada iştirak etmisən ya yox. Mən ordan çıxıb rayona qayıtmaq üçün avtovağzala getdim, orada polislər mənə yaxınlaşdı. Onlara dedim ki, elə yarım saat əvvəl nazirlikdən çıxmışam. Dedim telefonuma da baxın, görün kimlərlə danışmışam. Məni tutub maşına qoydular, apardılar. Bunlar mənə heç nə etmədilər, başqa yerə göndərdilər, nə oldusa, orda oldu. Mən onlara dedim ki, müharibədə zədə almışam, gözümün biri görmür, başıma vurmayın. Kişini döyərlər, amma əli bağlı döyməzlər”.

Oxumağa dəyər:   Qohumunu bıçaqlayan azadlığa buraxıldı

Digər şahidlər, polis əməkdaşları Elman Quliyev, Qasım Hüseynov, hal şahidlər Ümid Qafarov, taksi sürücüsü Elman Həsənov da oxşar ifadə veriblər.

Polis E.Quliyev bildirib ki, A.Məmmədov saxlanıldıqdan sonra “Bandotdel”ə təhvil verilib və istintaqı həmin qurum aparıb. Məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Proses yanvarın 18-də davam etdiriləcək.

İstinadlar Qafqazinfo