Fazil Mustafa: “Azərbaycanda məzar daşlarının vahid ölçü və satandartlarla düzəldilməsinin tərəfdarıyam”

Azərbaycanda qəbir daşları ilə bağlı problem qalır. Hələ də dəbdəbəli qəbir daşlarının qoyulması davam edir. İslam dininə görə, müəyyən dövr keçdikdən sonra qəbir yerləri, izləri itməlidir. Amma Azərbaycanda məzarlıqlar bahalı heykəllərlə və hasarlarla bəzədilir. Məlum olduğu ki, bir çox müsəlman ölkələrdə qəbir daşlarının hamısı eyni rəngdə və eyni ölçüdə olur. Amma Azərbaycanda qəbir daşları təmtəraqlı düzəldilir. Hətta imkanı olmayan şəxslər belə bəhsə girərək borc-xərclə bahalı daşlardan hazırlanmış qəbirüstü abidələr sifariş edirlər. Bəzən məzarlığa girərkən təmtəraqlı məzar daşının ətrafında sanki bir şəhər salındığını görürük.
Halbuki İslamda bu həddə olan israfçılıq günah və haram sayılır.
Ekspertlər hesab edir ki, dəbdəbəli qəbir daşları vəfat etmiş insanın varlı və yaxud kasıb olmasını müəyyənləşdirən meyara çevrilməməli, bütün məzarlar standart ölçüdə olmalıdır. Bir çox ölkələrdə bu meyarlar və lazım olan standartlar gözlənilir. Azərbaycanda isə bunun tam əksinədir. Məzarlıqlarda bahalı qəbir daşlarından istifadə olunur və bu daşlarda ən müasir üslubda rəsmlər, təsvirlər əks olunur. Görünən odur ki, Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam tamamilə pozulub və bu tendensiya demək olar ki, uzun illərdir ki, davam etməkdədir.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvanda dəbdəbəli qəbir daşlarının qoyulması qadağan edildi. Belə ki, Muxtar Respublikada qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edildi. Naxçıvan MR Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edildi ki, bu qaydalara əsasən artıq qəbirüstü abidələr vahid stadartlarla qoyulacaq. Həmin qəbirüstülərin uzunluğu 2.20 sm, eni 1.20 sm, başdaşı hündürlüyü 60 sm, eni isə 80 sm olacaq. Sözügedən qərar ümumilikdə Azərbaycanda qəbir daşlarının vahid standarta uyğun düzəldilməsi məsələsini gündəmə gətirsə də, məsələ açıq qaldı. Problem illərdir ki, aidiyyatı qurumların da nəzarətindədir. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir müddət əvvəl qəbir daşları ilə bağlı qanun layihəsi də hazırlamışdı. Layihəyə görə, qəbirlər adi daşdan olmalı, baş daşının hündürlüyü 50, sinəüstü daşın hündürlüyü isə 60 sm-i keçməməlidir. Bu layihə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq əksəriyyətinin marağına səbəb oldu. Çünki Azərbaycanın şəhər və kəndlərindəki qəbiristanlıqlarda qəbir daşlarının ölçüsü, onun ətrafında aparılan abadlıq işləri, düzəldilən abidə ölü sahibinin varlı və ya kasıb olması ilə birbaşa bağlıdır. Məsələ indi də açıqdır və sözügedən layihə müzakirə üçün millət vəkillərinin də ixtiyarına verilməyib. Amma bunabənzər qanun layihəsi Naxçıvanda həyata keçirilir.
Niyə Azərbaycanda vahid məzar standartlarına keçid mümkün olmur?
Ekspertlər hesab edir ki, qəbir daşları ilə bağlı məsələ Azərbaycanın bir çox yerlərində əsl problemə çevrilib. Dini qurumlar tərəfindən məsələ ilə bağlı tövsiyyələr olub. Təəssüf ki, buna riayət olunmur. Qanun qəbul edilməli və məcburi şəkildə vahid standarta uyğun qəbir daşları düzəldilməlidir. Dəbdəbəli qəbir daşları artıq bir adət-ənənəyə çevrilib. İmkanlı, imkansız bir-birinin bəhsinə düşür. Hətta kredit götürüb qəbir düzəldənlər də az deyil. Sonra da xeyli müddət bunun əziyyətinə düşürlər. Türkiyədə, İranda, Səudiyyə Ərəbistanında, Misirdə, hətta xristian ölkələrində bu cür təmtəraqlı, dəbdəbəli qəbir daşları qoyulmur. Sovet dövründə müsəlmanlara bu ənənə yezidi kürdlərindən, yəhudilərdən və ermənilərdən keçib. Ekspertlərin fikrincə, ilk növbədə qəbir daşlarında olan bu dəbdəbə mərmər biznesinə hesablanıb. Müəyyən insanlar var ki, bu sahəni monopoliyaya alıb. Bu bizneslə məşğul olanlar qara mərməri əsasən Çindən gətirir və imkan vermirlər ki, daş məsələsi yığışdırılsın. Çünki bu onların daxili bazarlarına birbaşa zərbədir
Millət vəkili Fazil Mustafa “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda vahid məzar standartlarına keçidlə bağlı dəfələrlə təkliflərlə çıxış edib və bu təkliflərin əsasını məhz sadə qəbir daşlarına üstünlük verilməsi tutur: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qəbir daşları ilə bağlı hazırladığı qanun layihəsi Milli Məclisə təqdim olunmayıb. Bu layihədən xəbərsizəm. Amma Azərbaycanda məzar daşlarının vahid ölçü və standartlarla düzəldilməsinin tərəfdarı olmuşam. Layihə Milli Məclisə təqdim olunsa, müzakirəyə açığıq”.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva isə sözügedən məsələ ilə bağlı komitəyə sorğu ilə müraciət etməyimizi istədi.