“Biz daimi sülhə nail olmaq istəyirik. Bunu nümayiş etdirmək üçün sizi 10 noyabr bəyanatı ilə tanış olmağa dəvət edirəm”. 

Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında xarici jurnalistin “Azərbaycan daimi sülhə nail olmaq istəyirmi?” sualına cavabında deyib. 

Dövlət başçısı qeyd edib ki, erməni tərəfi Azərbaycana qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandırdıq: “Müharibənin ilk günündən mən hər bir müsahibəmdə vurğulayırdım ki, Ermənistan baş naziri şəxsən özü bizə Füzuli, Şuşa, Cəbrayıl və digər rayonlardan qoşunlarının çıxarılmasının tarixini verən kimi biz müharibəni dayandıracağıq. 

Biz münaqişənin başa çatdırılması üçün 30 il gözləmişik. Niyyətimiz hər zaman aydın olub. Ermənistan hökuməti bizə heç 1 santimetr belə torpaq qaytarmaq niyyətində deyildi, eyni zamanda, bizə qarşı iyul, avqust aylarında bir sıra hərbi təxribatlar törədildi. Sentyabrda törədilən təxribata biz adekvat cavab verməli olduq. 

Ona görə də davamlı sülh yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqliklə ola bilər. Biz müharibəni davam etdirsəydik, Ermənistan üçün nəticə daha ağır və acınacaqlı olardı. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı sülh və təhlüksizlik olsun. Bunun isə yeganə yolu əməkdaşlıqdır”.

İstinadlar Qafqazinfo