Xəbər verdiyimiz kimi, bu ilin iyun ayının 10-da və 24-də Daşkəsən rayonuna yağmış dolu ilə müşayiət olunan intensiv leysan yağışları nəticəsində güclü sel suları əsasən rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə, avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib. Sel suları Çanaqçı kəndində 1 körpünü, Alaxançallı kəndində isə 4 körpünü tamamilə dağıdıb, 3 avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Rayon Fövqəladə Hallar Komissiyası leysan, dolu və subasmanın vurduğu ziyanların aidiyyəti qurumlarla birgə vaxtında aradan qaldırılması istiqamətində tədbirlər görülməsi üçün Nazirlər Kabinetinə müraciət edib.

“Azərişıq” ASC elektriklə bağlı ərazidə yaranmış problemləri qısa müddət ərzində tam aradan qaldırıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çanaqçı kəndində 1 körpünün tikinti işlərini davam etdirir. Lakin Alaxançallı kəndinin yol və körpüləri hələ də bərpa olunmamış qalır. Bu da Alaxançallı kənd sakinlərinin narazılığına səbəb olub.

Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində fərdi yaşayış evlərinə, dam örtüklərinə, o cümlədən sosial obyektlərə dəymiş ziyanların qiymətləndirilməsi və hesablanması məqsədilə iyunun 29-da Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Daşkəsən rayonuna ezam olunub.

Nazirliyin əməkdaşı və rayon FHK-nın üzvləri birgə təbii fəlakət baş vermiş kəndlərə vizual baxış keçiriblər. Dağıdıcı gücə malik təbii fəlakətdən ziyan çəkmiş sakinlərin hər birinin fərdi yaşayış evlərinə baş çəkilərək yerində akt tərtib olunub.









İstinadlar Qafqazinfo