Azərbaycanın müstəqilliyinin bərpasından sonra ordunun könüllülərdən ibarət birləşməsinin ilk hərbi əməliyyatı hesab edilən “Daşaltı əməliyyatı”ndan 30 il keçir.

Bu məqsədlə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Müzəffər Ordumuzun 30 ildən sonra işğaldan azad etdiyi Şuşanın Daşaltı kəndində səfərdə olub.

Daşaltı əməliyyatındakı uğursuzluq Azərbaycan xalqı üçün ağır psixoloji sarsıntı oldu, hadisələrin sonrakı gedişatına ciddi təsir etdi, Ermənistanın hərbi-siyasi rəhbərliyi uzun illər bunu təntənə ilə qeyd edirdi. Lakin 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Daşaltı yağı düşməndən azad olundu və bu əməliyyatda şəhid olan qəhrəman oğullarımızın qisası alındı. Artıq “Daşaltı” dedikdə məğlubiyyət yox, qələbə yada düşür.

Daşaltıda keçirilən anım tədbirində hərbi orkestrin ifası ilə 30 il öncəki “Daşaltı əməliyyatı” şəhidlərinin xatirəsi anılıb və əraziyə əklil qoyulub.

Bildirilib ki, əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşamadək davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri general-mayor Tacəddin Mehdiyev rəhbərlik edib. Qeyd olunub ki, əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması uğursuzluğa səbəb olub. Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkilib. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90-dan çox itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat bölüyünün rəis müavini polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən Ermənistan Silahlı Qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər. Ümumiyyətlə, Daşaltı Azərbaycan Ordusunun mərdlik, cəsarət nümunəsi kimi də qiymətləndirilə bilər. Bir an belə tərəddüd etmədən, gözünü qırpmadan düşmən üzərinə gedən Azərbaycan əsgəri torpaq uğrunda canından keçməyə hazır olduğunu həmin əməliyyatdan 30 il sonra – Daşaltının qisasını almaqla bir daha təsdiqlədi.

Vətən müharibəsi qazisi kapitan Nicat Hacıyev Füzuli, Xocavənd, Şuşa, o cümlədən Daşaltı istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsində iştirak etmək, xüsusilə Qarabağın gözbəbəyi olan Şuşanın azadlığı uğrunda döyüşmək fəxrdir: “Daşaltı döyüşlərində ağır yaralandığım üçün təxliyə olunmuşam. Biz çox böyük ruh yüksəkliyi ilə hücuma keçdik, düşmənin müqavimətini qırdıq və xeyli itki verdik. 1992-ci ildə vahid komandanlığın olmaması səbəbindən “Daşaltı əməliyyatı” uğursuzluğa düçar olmuşdu. Lakin biz bu dəfə qarşımıza məqsəd qoymuşduq ki, işğal altında olan torpaqlarımızı yağı düşməndən azad edəcəyik. Daşaltını azad etməklə o vaxt şəhid olan qardaşlarımızın qisasını aldıq. İlk dəfə Daşaltıda Sığnaqdan körpüdən keçən istiqamətə gedən döyüşdə artilleriya atəşi nəticəsində yaralandım, lakin döyüşü davam etdirdim. İkinci dəfə – noyabrın 4-ü daha ağır yaralandım və əsgər yoldaşlarımın köməyi ilə döyüş meydanından təxliyə edildim”.

Polkovnik-leytenant Firuz Bədəlovun sözlərinə görə, həmin vaxt N saylı hərbi hissənin qərargah rəisi vəzifəsində çalışıb: “Noyabrın 3-ü biz artıq ərazidə cəmləşmişdik. “Daşaltı əməliyyatı” üçün 3 qrup hazırlamışdıq. Qrupları təyin olunmuş mövqelərə yerləşdirdik. Daşaltını ərazi və relyef olaraq kəşfiyyatını aparmışdıq. Noyabrın 3-dən 4-nə keçən gecə saat, təxminən, 3-də biz meşə yolları ilə hərəkətə başladıq. İlk olaraq səhər 6-nın yarısı düşmən qüvvələri ilə Daşaltı kəndinin girişində rastlaşdıq. Havanın dumanlı və qaranlıq olması bizim üçün çətinlik yaradırdı. Lakin digər tərəfdən, bu, bizə sərf etdi, çünki düşmənin bizim gəlişimizdən xəbəri olmadı. Onlarla 100 metr məsafədə qarşı-qarşıya gəldik. Daşaltı ərazisində – Qarqar çayının sağ sahilində biz, digər tərəfdə isə onlar dayanmışdı. 100 nəfərlik qrupumuzla şiddətli döyüşə girdik. Düşmən bizim döyüş taktikamızın qarşısında duruş gətirə bilmədi, texnikalarını atıb geri çəkildi. Ən çətin əməliyyat sayılan Daşaltı döyüşlərində təbii ki, şəhidlərimiz oldu. Allah onlara rəhmət etsin. Qazilərimizə şəfa diləyirik”.

Foto: Vüqar Xanlarov

İstinadlar Report