“Sıfır qaçqın” siyasətini davam etdirən Danimarka hökuməti ölkədəki suriyalı qaçqınları geri göndərməyə hazırlaşır.

Artıq ölkənin bir çox şəhərindəki mərkəzi küçələrə “Ölkənizə dönə bilərsiniz, günəşli Suriyanın sizə ehtiyacı var” yazılı bilbordlar vurulub.

Danimarka Qaçqınlar və Miqrantlarla İş üzrə İdarəsindən verilən açıqlamaya görə, sonuncu dəfə Suriyadan olan 94 şəxsin qaçqın statusu üçün müraciəti baxılmadan rədd edilib.

Xarici işlər naziri Jeppe Kofod isə bildirib ki, Suriyanın paytaxtı Dəməşq və ətrafı artıq təhlükəsiz zona elan edilib.

“Bu, o deməkdir ki, həmin bölgədən olan suriyalıların vətənlərinə dönməmələri üçün heç bir səbəb yoxdur” – deyə, nazir qeyd edib.

O vurğulayıb ki, könüllü olaraq geri dönən Suriya vətənaşları məcbur deportasiyadan xilas olacaqlar. Eyni zamanda onlara Danimarka hökumətinin xüsusi yardım paketi də təklif olunacaq.

Nazirin sözlərinə görə, bu, geri dönən Suriya vətəndaşlarının ölkələrində əvvəlki həyatlarına qayıtmalarına çox böyük kömək olacaq.

Danimarka parlamentinin sağçı deputatları isə digər Avropa Birliyi ölkələrinə, xüsusilə Almaniyaya da qaçqınları Suriyadakı təhlükəsiz zonaya geri göndərmələri çağrışını ediblər.

İstinadlar Report