Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək tədbirləri çərçivəsində daha 2 marketdə daimi satış yerləri yaradılıb.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Sözügedən satış yerlərində 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, un, ədviyyat, bal, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır.
Bununla da dövlət dəstəyi çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində satışına dəstək üçün yaradılmış daimi satış yerlərinin sayı 8-ə çatıb. Hazırda bu satış yerlərində 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. KOB-ların məhsullarının iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək məqsədilə satış yerlərinin sayının artırılması istiqamətində ticarət şəbəkələri ilə danışıqlar davam etdirilir.
İstehsal etdikləri qida və qeyri-qida məhsullarını iri ticarət şəbəkələrində satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər.KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi və mövcud satış yerləri barədə ətraflı məlumat üçün bu linkə daxil olmaq lazımdır: https://bit.ly/3OOjF5F