Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi “Abad Şəmkir” və “Şəmkir Səbəti” sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddialarının ödənildiyi üçün bu müəssisələrdən mülki iddianın və obyektlərin üzərindən həbsin götürülməsini xahiş edib. 

Alimpaşa Məmmədovun vəkili Camal Əliyev mülki iddianın geri götürülməsini əsas gətirərək əmlakların üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsini tələb edib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim deyib ki, bu məsələyə hökmdə hüquqi qiymət veriləcək.

Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib. Qalan məbləğin ödənişinin isə aparıldığı bildirilib. Bunun müqabilində girov qoyulması vurğulanıb. 

Növbəti məhkəmə prosesi may ayının 23-nə təyin olunub. 

Qeyd edək ki, A. Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.

Yunis Quliyev

İstinadlar Qafqazinfo