“Neftçi İdman Klubu” Rəsul Çunayevin maaşının ödənmədiyini əsas gətirərək klubdan ayrılması barədə açıqlaması ilə bağlı rəsmi mövqeyini bildirib.

Azərbaycan 24 xəbər verir ki, qurumun rəsmi nümayəndəsi Elnur Əşrəfoğlu Çunayevi yalançılıq və naşükürlükdə ittiham edib:

“Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi “Neftçi İdman Klubu” haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay “Neftçi”dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma “Neftçi İdman Klubu” “cocuq” vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!…

. Neftçi İdman Klubunun Rəsul Çunayevə heç bir borcu yoxdur, ona heç bir mükafat vəd verilməyib. 120 aydır klubdan hər ay 2 min manat əmək haqqı alır. Bu gün isə klubun əleyhinə danışır. Federasiyaya mən qarışmıram, özü bilər. Amma Neftçi haqqında yalan danışır. Əgər deməyibsə, çıxsın üzə və söyləsin.”