Dünən Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan dövlətlərarası sərhəddə bir araya gəliblər. Görüşənlər diplomatik pasport sahibləri üçün viza prosedurlarını qarşılıqlı asanlaşdırmaq barədə razılığa gəliblər.
Rəsmi məlumata görə, tərəflər normallaşma prosesini heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.
Xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri bir daha təsdiqləyiblər.
Kılıç və Rubinyan, həmçinin Akyaka/Axurik dəmiryol sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də ortaq məxrəc tapıblar.
Uzun sözün qısası, belə çıxır ki, rəsmi Ankara Rubenyanla görüşə taxta qılınc göndərib. Və bu taxta qılınc tiyəsini o qədər itirib ki, Rubenyanı erməni üzünə çoxdan həsrət imiş kimi möhkəm-möhkəm qucaqlayıb.
Türkiyə və Ermənistan arasında “normallaşma sürəci”nə ilk dəfə start verilmir.
Bir zamanlar birbaşa Azərbaycanın strateji maraqlarının əleyhinə “Sürix prosesi” aparılır, futbol diplomatiyası yürüdülür, prosesə qardaş ərki ilə etiraz edən Azərbaycana qarşı üst pərdədən təpinənlər belə tapılırdı. O zaman Türkiyənin prezidenti Abdullah Gül idi, Fətullah Gülən çətəsi də qardaş dövlətə paralel yapılıq edirdi. Sürəc iflasa uğradı, həpimiz birlikdə tam obyektiv bir şəkildə suçu Pensilvaniyanın “fəxri qonağının” və həmin ştatın sahibi olan ABŞ-nin boynuna yıxdıq. İndi də rəsmi Ankaranı Fətullah Gülən üfləyib-püfləyir?
Bu nə pəhriz, bu nə turşu?
Dünənə qədər Türkiyə-Ermənistan açılımı Azərbaycan-Ermənistan sülh danışıqları ilə paralel qaydada aparılırdı. Prosesin məhz bu şəkildə getməsi “bir millət iki dövlət” zehniyyətinə həm uyğun, həm də faydalı idi.
Dünənə qədər Türkiyə Qars-Gümrü dəmir yolunun açılması təklifinə dirəniş göstərir, “yox” deyirdi.
Bu cavabın dəyişməsi üçün Ermənistan Türkiyəyə ərazi iddialarından əl çəkməyib, soyqırım ittihamlarından geri durmayıb, Zəngəzur dəhlizini də açmayıb. Bu nəyin əcələsi, bu nəyin hövsələsizliyi, bu nəyin prinsipsizliyi?
“Qeyd-şərtsiz normallaşma” o deməkdir ki, Türkiyəyə bir yerlərdən ismarıc gəlib. Çox pakizə, bəs, qarşılığında, Türkiyənin alacağı, qazanacağı nə var?
Əgər Türkiyənin xarici siyasət kursunu yönəldənlər Qərbdəki hansısa xaçlı yürüşü nostalgiyası ilə siyasətçisinin Türkiyəyə deyəcəyi “it is excellent” kəliməsini Azərbaycan toplumunun iradəsindən, sevgisindən və rəyindən üstün tutursa, bu, artıq, Fətullah Gülən yanaşmasıdır.
Hər şeydən əvvəl, Türkiyə köklü bir dövlət olaraq öz tarixi məsuliyyətini başa düşməlidir. Ermənilərin biz Azərbaycanlıların başına bəla olması birbaşa Osmanlı tarixi ilə bağlıdır. Ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında – indiki Ermənistan ərazilərində soydaşlarımızı qıran, didərgin salan Osmanlıya qarşı savaş açan erməni çətələri, Osmanlının erməni mənşəli generalları idi. Hətta bu çətələrin ölkəmizin içlərinə doğru irəliləyib xaosu dərinləşdirməməsi üçün “Ermənistan” adlı süni bir dövlətin meydana çıxması gündəmə gəldi. Sərdərabad döyüşündə Osmanlı qoşunlarının məğlub olması səbəbindən erməni dövləti iddia etdikləri Osmanlı ərazilərində deyil, şimali Azərbaycan xanlıqlarının ərazisində yarandı.
Tarixdən söz düşmüşkən, Sərdar Kılıç əfəndi Osmanlını Batum sülh konfransında təmsil edən Xəlil bəy Menteşe ilə bir maraqlansa yaxşıdır. Qos-qoca imperiyanın təcrübəli siyasət adamı prosesin aurasına qapılıb gələcək Türk nəsillərinə problem mənbəyi yaratdı. Bu gün ortaq tarixi problemimizi çözməyə bu qədər yaxın olduğumuz halda, Ermənistana süni öpüşlə nəfəs vermək Türkiyə üçün siyasi və geopolitik inflyasiyadır.
Qardaş qardaşa gərəkəndə acı həqiqəti söylər.
Türkiyənin bəzən Məscidi-Aqsada namaz qılmaq kimi utopiyaların arxasınca düşməsi həm özünə, həm də bizə ciddi problemlər yaradır. Bunun tam əksinə, Ankara nəzərlərini Türk dünyasına çevirəndə özü də gücləndirir, qandaş cümhuriyyətlərini də. Türkiyənin Ermənistanla qeydsiz-şərtsiz dialoqa başlaması, layihələr çizməsi, infrastruktur qurması növbəti utopiyadan başqa bir şey deyil. Əgər “qeyd-şərtsiz” danışıqlarla Ankara diplomatları müzakirələrdə daha çevik və konstruktiv uğurlar əldə edəcəklərinə inanırlarsa, o zaman Rusiya və İranın təsir və təzyiqləri qarşısında Ermənistanın “sürəc”i sabotaj etməsi ehtimalını da gözdən qaçırmamalıdır.
Əminəm ki, Türkiyənin milli qüvvələri və dövlət ağlı “sürəc” dedikləri Ermənistana yarınma siyasətini dayandıracaq, Anadoluda, Azərbaycanda, Orta Asiyada… harada yaşamasına baxmayaraq vahid Türk Dünyasının üstünə çəkilmiş Kılıçı da qaytarıb qınına soxacaq.
Taleh Şahsuvarlı