Dünyada koronavirus pandemiyasının davam etdiyi bir vaxtda bütün ölkələrdə diqqətlər vaksinasiya prosesinə yönəlib. Artıq Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə bu prosesə çoxdan start verilib.

Ancaq burada bir məsələ xüsusi diqqət çəkir.Bu da COVAX (Vaccines Global Access Facility) təşəbbüsü üzv ölkələrin vaxtında vaksinlərlə təmin olunmasına, vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlılıq prinsiplərinə əsasən bölüşdürülməsinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlıdır.

Azərbaycanın bu məsələyə çox həssas yanaşdığı isə aşikardır. Azərbaycan Prezidenti İlham Əliyev bundan öncə də dəfələrlə bu məsələyə münasibətini bildirib, narahatlığını dilə gətirib.

Elə Azərbaycan Prezidentinin fevralın 26-da yerli və beynəlxalq mətbuat nümyəndələrinin iştirakı ilə keçirilən və 4 saatdan çox davam edən mətbuat konfransında da vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlılıq prinsiplərinə əsasən bölüşdürülməməsi məsələsinə bir daha toxunulub.

Prezidentin sitatı:

“Bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sessiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük.

Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar”.

Prezidentin də qeyd etdiyi kimi, deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar.

Burada təəssüf doğuran məqam isə ondan ibarətdir ki, varlı ölkələrə lazım olandan çox vaksin satılır və COVAX layihəsi çərçivəsində vaksinlərin satışına nəzarət həyata keçirilmir. Belə olan halda isə COVAX öhdəliyindən irəli gələrək üzv ölkələrin vaksinlərlə təminatını vaxtında və yetərincə həyata keçirilmir. Bu isə o deməkdir ki, COVAX təşəbbüsü əhəmiyyətsiz görünür.

Misal üçün, Kanadanın 38 milyon əhalisi var. Ancaq sözügedən ölkə 154 milyon əhali üçün vaksin sifariş verib. Yəni, dörd dəfə çox. Bu isə o deməkdir ki, 120 milyona bu vaksin çatmayacaq. 

Daha bir fakt: inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Bu,  ədalətsizlik, qeyri-bərabərlikdir deyil, bəs nədir?

Ekspertlərin fikrincə, bu işdə ortaya çıxan problemlər birbaşa COVAX layihəsinin təşəbbüskarlarının səriştəsizliyi ilə bağlıdır. Layihə çərçivəsində vaksinlərin ədalətlilik prinsipi ilə bölünəcəyi vəd olunsa da, əməldə bu, görünmür.

Digər problem isə ondan ibarətdir ki, istehsalçı şirkətlər kommersiya maraqlarını üstün tutaraq varlı ölkələrə lazım olandan artıq vaksinlər göndərirlər. Nəticədə, COVAX layihəsi çərçivəsində digər ölkələrə paylanmalı olan vaksin dozalarının sayı xeyli azalır və gecikmələr yaşanır.

Problemlərin həlli üçün COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir, vədlər reallaşdırılmır. Vaksinlərin bir neçə ölkənin əlində cəmləşməsi və digər ölkələrin vaksinsiz qalması düzgün deyil və pandemiya ilə mübarizəyə mənfi təsir göstərir.

Problem həll olunmayacağı halda, kasıb ölkələrin insanlarının haqları tapdalanacaq, onların səhhəti, sağlamlığı risk altına düşəcək. Əvəzində isə zəngin ölkələr öz maraqlarını artıqlaması ilə təmin edəcək.

Qeyd edək ki, hazırda Gürcüstan hökuməti də müxtəlif səbəblərdən COVAX proqramı çərçivəsində ölkəyə Pfizer vaksinlərinin verilməməsindən narazıdır. Bu ölkənin həmin vaksinləri alması üçün guya tələblərə cavab verməməsi ilə bağlı iddialar öhdəliyin yerinə yetirilməməsi üçün bəhanədən başqa bir şey deyil.