Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un yerli bürosu məlumat verir ki,bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı hadisə şahidi kimi ifadə veriblər.Bildiriblər ki,hadisə baş verən ünvanda yanğın olduğu üçün onlar da orada olub.

“İçəri daxil olanda ilk olaraq yaralı kişini gördük. Qarnını tutduğu üçün elə bildim tüstüdən zəhərlənib, lakin sonra qarnından qan axdığını görəndə yaralı olduğunu başa düşdüm. Yaralanı xərəyə qoyduq, daha sonra içəri keçəndə isə, həyətdə bir qadın və bir kişi meyitinin də olduğunu gördüm. Hadisə niyə baş verdiyi, yanğının nəydən əmələ gəlməsi barədə heç bir məlumatım yoxdur.”

Daha sonra isə təqsirləndirilən şəxsin qardaşı Xəqani Tağıyev şahid qismində ifadə verib.

“Mən biləni Müşfiq Tağıyevin silahı yox idi.Onun silahı olub. Atamın adına rəsmi sənədləri olan ov tüfəngi olub evdə, atam rəhmətə gedəndən sonra 2016-cı ildə Müşfiq Daxili İşlər Nazirliyində həmin silahı öz adına keçirib. 2020-ci ildə isə silah satılıb. Cinayət yerində olan silahı isə, mən görməmişəm. Qardaşımla eyni evdə yaşasaq da mən onun işlərinə qarışmamışam, otağına da girmirdim. Qarşı tərəflə də heç bir ədavətimiz olmayıb. Sonradan öyrəndiyim məlumata görə bu işin əsasında Anar Fərəclinin qardaşıma qarşı etdiyi əxlaqsızlıq etməsi olub. Mənim qardaşım söyüşə görə adam öldürməz, onun həmişə yaşıdları arasında özünə görə hörməti olub.”

Təqsirləndirilən Müşfiq Tağıyevin əmisi də şahid kimi ifadə verib:”Mənə Polis İdarəsindən Müşfiqin saxlanılması barədə zəng gələndə hadisədən xəbərim olub. Ondan öncə mənim heç nəydən xəbərim olmayıb. Müşfiq bi iş barədə də mənimlə heş nə paylaşmayıb.”

Məhkəmənin növbəti tarixi 19 fevrala təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.

İstinadlar Report