Şoranlaşmış torpaqların bərpa edilməsi və aqrar sektorda innovativ texnologiyalar təqdim edən “AZCHEMCO” şirkətinin pavilyonu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “yaşıl zona”sında qonaqlar üçün qapılarını açıb.

Şirkət öz istehsalı olan aqrokimyəvi məhsulları və maye gübrələri, həmçinin onlardan istifadə texnologiyalarını təqdim edəcək. Pavilyonda keçiriləcək müxtəlif tədbirlər zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AZCHEMCO” şirkətinin şoranlaşmış torpaqların bərpası layihəsi üzrə görülən işlər əyani şəkildə təqdim olunacaq.

Bundan başqa, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, “AZERBAZALT”ın prezidenti və təsisçisi Rafət Əliyev, “Greater Caspian Region”un prezidenti Murat Seitnepesov, “XP Group”un biznesin inkişafı üzrə direktoru Adrian Stayçu və başqaları təqdimatlarla çıxış edəcəklər.

Xatırladaq ki, bu ilin aprelində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC və “AZCHEMCO” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Tərəflərin altı ay ərzində reallaşdırdığı layihə noyabrın əvvəlində uğurla başa çatıb və COP29-da geniş ictimaiyyətə təqdim olunacaq.

“Intertek” beynəlxalq şirkətinin nəticələrinə görə, şirkət torpağın şoranlıq göstəricisini 3,2-dən 0,3-ə, elektrik keçiriciliyi göstəricisini isə 9140-dan 291-ə endirməyə nail olub.

Şirkət “yaşıl zona”da yerləşən pavilyona (B18) baş çəkməyi və birlikdə yeni ekoloji təmiz gələcəyə doğru addım atmağı arzu edən hər kəsi dəvət edir.

İstinadlar Report