“First they killed my father” (“Onlar əvvəlcə atamı öldürdülər”) filminin çəkilişləri zamanı kastinqdə uşaqları pulla aldadaraq seçən Hollivud ulduzu Ancelina Coli ittihamlara cavab verib

Aktrisa yazılanların əslində düzgün olmadığını deyib:
“Kastinq zamanı uşaqların gözü önünə düzülən pullar orijinal deyildi. Bu, belə olsaydı, hamıdan əvvəl mən özüm buna qarşı çıxardım. Kastinq zamanı uşaqların təhlüksəziliyi üçün hər şeyi etmişdik. Valideynləri, sosioloqlar, tibb işçiləri – hamısı uşaqlarla idi. Məqalədə kastinq zamanı pulla bağlı hadisəni oyun kimi yox, reallıq kimi yazanları başa düşmürəm.
Məsələ belə olmuşdu: kastinqdən əvvəl uşaqlara izah edilmişdi ki, onları videoya çəkəcəyik, otaqda kamera olacaq. Sadəcə bunu etmək lazım idi: uşaqlar stolun üstünə qoyulmuş yeməyi və ya pulu oğurlamalı və onlar “cinayət” üstündə yaxalanmalı idilər. Bu səhnə çox vacib idi.
Lunq Anqın (filmdə baş qəhrəman – red.) həyatında da belə bir epizod var idi: onu və qardaşlarını oğurluq üstündə tuturlar. Bu kastinqin də məqsədi o idi ki, görək, uşaqlar oğurluq üstündə tutulanda hansı hissləri keçirirlər və nə edəcəklər. Uşaqları yazıldığı kimi, heç kim aldatmamışdı. Onlar çox gözəl başa düşürdülər ki, bunlar hamısı bir oyundur”.
Xatırladaq ki, mətbuatda Ancelina Colinin kastinq zamanı uşaq evlərində yaşayan azyaşlıları bir araya yığıb və onlara metal pullar verdiyi, daha sonra uşaqlardan bu pulları oğurlamağı və “oğru”nu taparkən yalan danışmalarını tələb etdiyi yazılıb. Aktrisanın verilən cavabları müşahidə edərək onlardan birini seçib. Bu isə sosial şəbəkələrdə etirazla qarşılanıb.