AXCP sədri Əli Kərimli Azərbaycanda multimilyonçuların sayının artması barədə maraqlı fikirlər səsləndirib. Onun sosial şəbəkədəki mülahizəsini oxuculara təqdim edirik: “Azərbaycanda sərvəti 30 milyon dollardan artıq olan multimilyonerlərin sayı son 10 ildə artaraq, 1000 nəfərdən 5600 nəfərə çatıb. Ölkəmiz multimilyonerlərin sayının 444 faiz artım sürətilə dünyada 2-ci olub. Londonda yerləşən nüfuzlu beynəlxalq şirkət olan Knight Frank LLC-nin “The Wealth Report” adlı hesabatında belə yazılır.
Son illərdə Azərbaycanda iki təbəqənin sayı sürətlə artıb. Ölkədə multimilyonerlərin sayı artdıqca, parallel olaraq çarəsizlikdən intihar edənlərin də sayı kəskin artıb. Budur Azərbaycan reallığı. Yazırdım axı, bu ölkənin kasıblıqdan da böyük problemi ədalətsizlik və kəskin təbəqələşmədir. Özünü çarəsiz sayan soydaşlarım, çıxış yolu intihar və yalvarış deyil, mübarizədir. “İntihara yox! Mübarizəyə hə!” deyin!”