Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin guya uyğurlar üçün “həbs düşərgələrinin” olmasına görə bəyanatı iyrəncdir. Biz bununla bağlı artıq Türkiyə tərəfinə təqdimat vermişik. Ümid edirik ki, Türkiyə tərəfi bundan sonra doğru ilə yanlışı seçməyi öyrənər.

Bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin bildirib.

Çin XİN-in rəsmi nümayəndəsi, Türkiyə XİN-in guya məşhur uyğur şairi Abdurrəhim Heyitanın ölümünə dair bəyanatın yalan olduğunu bildirərək, onun sağ-salamat olduğunu qeyd edib . Onun sağ olduğuna dair video da yayılıb.

Qeyd edək ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Çini etnik uyğurların hüquqlarına hörmət etməyə və onların məcburi saxlanılması üçün yaradılan düşərgələri bağlamağa çağırıb. Aksoy XXI əsrdə yenidən “həbs düşərgələrinin” meydana gəlməsini bəşəriyyət üçün utancverici fakt adlandırıb.

BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin ötən il yaydığı məlumata görə, Çində 2 milyon uyğur türkü, müsəlman azlıqlar etnik və ideoloji fərqliliklərinə görə siyasi həbs düşərgələrində saxlanılır.

Oxumağa dəyər:   Zorlama və narkotik vasitələr saxlama ilə ittiham olunanlar saxlanıldı

Çindəki uyğur və müsəlmanlara sırf etnik-ideoloji kimliklərinə görə “dövlətin düşməni” kimi rəftar olunur, onların dövlət tərəfindən hüquqi mühafizəsi təşkil edilmir və dini azadlıq verilmir.

Çin rəhbərliyi bundan əvvəl iddia etmişdi ki, Çinin qərbində yerləşən SUMV-dəki silahlı müsəlmanlar və separatçılar regionda yerləşən uyğur etnik azlığı ilə bölgədə çoxluq təşkil edən Çinin Han etnik qrupu arasında gərginliyi artırmağa və silahlı hücumlar təşkil etməyə çalışırlar.