ABŞ Prezidenti Donald Tramp “TikTok” və “WeChat” servisləri ilə mübarizə üzrə verdiyi fərmanlarla Çində “Apple” korporasiyasının məhsullarının satışını təhlükə altına alıb. Bu barədə “Bloomberg” nəşrinin məlumatında deyilir.

Sənədlərə görə, bu mobil əlavələrin “App Store” mağazasında yayılması qadağandır, onlarla əlaqədar bütün tranzaksiyalar isə bloklanacaq.

Məlumata görə, “WeChat” proqramı çoxlu servisləri əvəz edir: onun vasitəsilə alış-verişlər həyata keçirilir, müxtəlif ödənişlər edilir, ondan zənglər, elektron poçtla ünsiyyət və bütün işgüzar və şəxsi ünsiyyət formaları üçün istifadə edilir. “WeChat” turistlər tərəfindən də yüklənilməlidir, əks halda, onlar hətta kiçik alış-verişlər üçün ödəniş imkanından məhrum ola bilərlər.

Beləliklə, qurğularda “WeChat” əlavəsinin quraşdırılması imkanı olmasa, Çin alıcıları “Apple” məhsullarından uzaq düşəcəklər. Aparılan sorğulara görə, vətəndaşların əksər hissəsi qurğuya bu proqramın yüklənilməsi qeyri-mümkün olacağı halda ondan imtina edəcək.

“Bloomberg Intelligence” analitiki Anand Srinivasanın sözlərinə görə, “iPhone” smartfonlarının satışının 20 faizi Çinin payına düşür. Bu səbəbdən “WeChat” proqramının “App Store” mağazasında ləğvi şirkət üçün ciddi maneəyə çevriləcək.

Avqustun 7-də Prezident Donald Tramp ABŞ şirkətlərinə ölkə yurisdiksiyasında “TikTok” və “WeChat” sahibi olan şirkətlərlə sazişlərin başa çatdırılmasına 45 gün vaxt verib. Ağ Ev nümayəndələrinin sözlərinə görə, Çin proqramları ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid yaradır. Fərman ABŞ-ın “Microsoft” və Çinin “ByteDance” şirkətləri arasında “TikTok” servisinin satın alınması ilə bağlı aparılan danışıqlar fonunda imzalanıb.

İstinadlar ict news