Bu gün “Baku Expo Center”də III Beynəlxalq Azərbaycan Çin Şirkətləri Ticarət Sərgisi işə başlayıb.

Sentyabrın 19-na qədər davam edəcək sərgidə müxtəlif məhsullar – istehlak malları, məişət texnikası, avtomobil hissələri, habelə təmir-tikinti alətləri və materialları istehsah edən 70-dən çox Çin şirkəti iştirak edir.

Sərginin əsas məqsədi çinli sahibkarların Azərbaycan bazarına çıxışına şərait yaratmaqdır.

Açılış mərasimində çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, bu cür tədbirlər Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edir, iki ölkənin şirkətləri arasında işgüzar qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi üçün əlverişli platforma yaradır.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov isə qeyd edib ki, belə tədbirlər Azərbaycan ilə Çin arasındakı möhkəm əlaqələrin göstəricisidir.

“Sərgi çərçivəsində biznes strukturlarının ikitərəfli görüşlərində şirkətlər arasında müqavilələrin bağlanacağına ümid edirik”, – deyə o qeyd edib.

İstinadlar Report