Çin Avropa Parlamentinin (AP) beş deputatına qarşı sanksiyaları ləğv etmək qərarına gəlib və bu, Avropa İttifaqı ilə Çin arasında parlamentlərarası dialoqun bərpasına zəmin yaradır.

Bu barədə AP-nin bəyanatında deyilir.

“Bu gün Avropa Parlamentinin sədri Roberta Metsola Avropa Parlamentinin parlament fraksiyalarının rəhbərlərini Çin hökumətinin Avropa Parlamentinin üzvlərinə və onların ailə üzvlərinə qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı qərarı barədə məlumatlandırıb”, – məlumatda deyilir.

Həmçinin vurğulanır ki, bu addım Aİ və Çin arasında parlamentlərarası dialoqun bərpasına imkan verəcək. Eyni zamanda AP-nin Çin ilə münasibətlərdəki problemlərə göz yummaq niyyətində olmadığı da bildirilir.

“Avropa Parlamentinin üzvləri nəticələrdən çəkinmədən çinli həmkarları ilə Avropa maraqlarını müzakirə edə bilərlər. Bizim Çinlə münasibətlərimiz mürəkkəb və çoxşaxəli olaraq qalır. Buna cavab verməyin ən yaxşı yolu qarşılıqlı fəaliyyət və dialoqdur”, – Metsola söyləyib.

AP-nin bəyanatında deputatlara qarşı sanksiyaların hansı vaxtdan qaldırılacağı göstərilmir.

İstinadlar Report