
Çin Vaşinqtonu Tayvanın müstəqillik tərəfdarlarına “yanlış siqnal” göndərməkdə ittiham edib. Buna səbəb ABŞ Dövlət Departamentinin Tayvan haqqında məlumat bülletenini yeniləyərək onun müstəqilliyinə dəstəkləməməsi barədə qeydi silməsi olub.
Pekin ABŞ tərəfini dərhal öz hərəkətlərini düzəltməyə çağırıb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tzyakun bazar ertəsi bildirib ki, bu dəyişikliklər “geriyə doğru ciddi bir addım ” olub və “ABŞ-nin Çini məhdudlaşdırmaq üçün Tayvandan istifadə etmək kimi səhv siyasətinə inadkar bağlılığını” nümayiş etdirib.
Dövlət Departamentinin saytındakı bülletenin yenilənməsi “biz Tayvanın müstəqilliyini dəstəkləmirik” ifadəsinin silinməsi ilə yanaşı, Tayvanın ABŞ ilə texnologiya və yarımkeçiricilərin hazırlanması layihələri çərçivəsində əməkdaşlığını da qeyd edir. Həmçinin ABŞ mümkün olan yerlərdə Tayvanın beynəlxalq təşkilatlarda üzvlüyünü dəstəkləmək niyyətini ifadə edib.