Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibə verib.

Ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoq barədə danışan Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarətdir. Hətta ərazilərimizin bir hissəsi 30 ilə yaxın işğal altında olduğu zaman, Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır.

Nazir deyib: “Biz, bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq platformalardan faydalanmağın tərəfdarıyıq. Avropa Şurasının da etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə töhfə verə biləcəyini düşünürük. Avropa Şurasının Baş katibinin təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü keçirilib və biz bunu müsbət qiymətləndiririk. Bu günədək iki ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi beynəlxalq platformalarda görüşlərin keçirilməsi təcrübəsi mövcud olub. Avropa Şurası Nazirlər Komitəsinin Turin görüşündə belə bir görüş keçirilmədi, lakin hesab edirik ki, ümumiyyətlə, bu kimi beynəlxalq çərçivələrin sülh dialoquna müsbət töhfəsi ola bilər. Ən əsası isə əlbəttə ki, hər iki tərəfin sülhü yaratmaqla bağlı möhkəm iradəsini nümayiş etdirməsidir. İtaliyanın yanaşmasına gəldikdə isə, İtaliyanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hər zaman dəstək verib və bölgədə sülhün təmin olunmasına çağırıb. Biz hazırda azad edilmiş ərazilərdə aparılan bərpa və yenidən qurma prosesində İtaliya şirkətlərinin iştirakını yüksək qiymətləndirir və bunun bölgənin gələcək sülh və tərəqqisinə töhfə olduğunu hesab edirik’.

Nazir xatırladıb ki, 2020-ci ildə imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara son qoydu. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldı və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bildirilib ki, ümumilikdə bölgədəki cari vəziyyəti müsbət qiymətləndirmək olar, lakin bəyanatın bəzi müddəaları Ermənistan tərəfindən hələ də tam yerinə yetirilməyib. Hesab edirik ki, bölgədə sülh quruculuğu üçün ilk növbədə, üçtərəfli bəyanatlar, habelə sonrakı görüşlərdə, o cümlədən Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə baş tutan iki ölkə liderlərinin görüşlərində əldə edilən razılaşmaların həyata keçirilməsi olduqca vacibdir.