Bu gün xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər cari il BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu Yorkda baş tutan görüşləri, habelə çoxsaylı telefon danışıqları zamanı əldə olunan razılaşmaların icrası istiqamətində aparılan konstruktiv işləri alqışlayıblar.

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin cari ilin 21 noyabr tarixində Tehranda keçirilən görüşündən məmnunluq ifadə edilib.

Nazirlər həmçinin bölgədəki cari vəziyyət, o cümlədən üç ölkə liderinin Soçi görüşü və 26 noyabr tarixində imzalanmış Bəyanat, ümumilikdə üçtərəfli bəyanatların icrası məsələləri, eləcə də bölgədə 3+3 formatında əməkdaşlıq platformasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin digər mühüm regional məsələlər, o cümlədən Əfqanıstanda vəziyyət və onun ölkə daxili və ətraf bölgəyə təsiri, eyni zamanda İranın nüvə proqramı və bu xüsusda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə Vyanada aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.