
“Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyması ilə iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.
O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb:
“2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında ölkələr arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”.
Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır: