Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

XİN-dən verilən məlumata görə, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Çexiya strateji tərəfdaşlıq əlaqələrinin beynəlxalq hüququn norma və prinsiplərinə, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və dəstək kimi təməllər üzərində qurulduğu bildirilib.

Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan-Çexiya tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Regionumuzda münaqişədən sonrakı vəziyyət, eləcə də mina təhdidi, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib. 

Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



İstinadlar Qafqazinfo