Azərbaycanarici işlər naziri Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri Dmitri Pineviçi qəbul edib.
Bu barədə “Report” a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Belarusun Azərbaycana yeni səfiri təyin olunan Dmitri Pineviç etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Belarus arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər.
Dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda aparılan dialoqların mühüm rolu qeyd edilib.
Bu baxımdan ötən ilin 17 may tarixində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərə getməsinin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın yüksək göstərici olduğu vurğulanıb.
Azərbaycan və Belarus arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticari, elmi, təhsil, mədəniyyət, turizm və digər istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə Azərbaycan və Belarus arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə dair atılan addımların ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.