Cənubi Koreyanın hüquq-mühafizə orqanlarının əməkdaşları istefa verən ölkənin keçmiş müdafiə naziri Kim Yon Hyeni vətənə xəyanətdə şübhəli bilərək həbs ediblər.
Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bundan əvvəl dekabrın 5-də istefa verən nazir Cənubi Koreya prokurorluğunda ifadə verib.
Kim Yon Hyen Koreya Respublikasının Prezidenti Yun Sok Yolun dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan etməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılıb.
Xatırladaq ki, Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.