Cənubi Koreya hökuməti ümummilli tətil keçirən yük avtomobili sürücülərindən işə qayıtmağı tələb edən fərman imzalayıb.

Fərman ölkə Prezidenti Yun Sok Yol tərəfindən çağırılan Nazirlər Kabinetinin iclasında təsdiq edilib.

Beləliklə, ölkə hökuməti tətilə çıxan sürücüləri işə qayıtmağa məcbur edən və 2004-cü ildə yenidən işlənmiş qanuna əsasən, ilk dəfə səlahiyyətlərindən istifadə edib.

Təlimatlara əməl edilməməsi 3 ilə qədər həbs cəzası və ya 30 milyon von (22,4 min ABŞ dolları) məbləğində cərimə ilə nəticələnə bilər.