Cənubi Afrika Respublikasında (CAR) ötən həftə baş verən iğtişaşlar, əcnəbilərə qarşı zorakılıq əməllərilə əlaqədar olaraq, hökumət və parlament üzvlərinin iştirakı ilə Keyptaunda mətbuat konfransı keçirilib.

Ölkənin müdafiə və hərbçi veteranlar naziri Nosivive Mapisa-Nqakula ölkədə asayişi bərpa etmək istiqamətində təcili tədbirlər görüldüyünü açıqlayıb.

Sentyabrın 1-dən kütləvi iğtişaşlar, qətl və qarətlərlə bağlı ittihamlarla 700-dək şəxsin həbs edildiyini qeyd edən nazir hadisələr nəticəsində ikisi əcnəbi olmaqla 12 nəfərin öldüyünü, Katlehonq şəhərində aralarında 228 uşağın da olduğu 755 əcnəbi vətəndaşa sığınacaq verildiyini deyib.

“Dövlət hakimiyyətini sarsıtmağa yönələn istənilən cəhdlər müvafiq nəticələrə gətirib çıxaracaq. Hüquq mühafizə orqanlarına hücum dövlətə hücum deməkdir”, – deyən müdafiə naziri yolların bağlanması və yük maşınlarının yandırılması kimi əməllərin “cinayətkar ünsürlər” tərəfindən iqtisadiyyata zərbə vurmaq məqsədilə törədildiyini vurğulayıb.

Qeyd edək ki, ötən həftə CAR-da əcnəbilərə, xüsusilə də nigeriyalılara qarşı yönələn kütləvi iğtişaşlar və hücumlar baş verib. Bunun səbəbi olaraq nigeriyalı narkotik alverçisi tərəfindən yerli taksi sürücüsünün qətlə yetirilməsi göstərilir. Bundan sonra Nigeriyada da cənubi afrikalılara məxsus müəssisələrə qarşı qarətlər baş verib. Hətta Keyptaunda keçirilən Dünya İqtisadi Forumunu boykot etdiklərini açıqlayan Nigeriya hökuməti CAR-da nigeriyalılara yetirilən zərərə görə təminat tələb edərək həmin ölkədəki səfirini geri çağırıb. CAR hökuməti də müvafiq olaraq Laqosdakı səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib.

İstinadlar Report