“Son günlər Azərbaycanda koronavirusa yoluxma sayındakı reallıqlar, eləcə də, artıq bir neçə gündür COVID-ə bağlı ölümün qeydə alınmaması bir neçə səbəblə bağlıdır. Bunların başında ölkədə aparılan pandemiya ilə mübarizənin effektivliyi durur. İkinci səbəb vaksinasiyanın təsiri, üçüncü isə regionda və dünyada xəstəliyin yayılmasındakı sönmədir”.

Bunu “Qafqazinfo”ya Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. 

O qeyd edib ki, cəmiyyət bu mübarizədə dövətin yanında olmalıdır: “Cəmiyyət bu nəticələr fonunda qarşıya belə bir hədəf qoymalıdır ki, gələcəkdə, xüsusən payız aylarına keçiddə dünyada və ölkəmizdə ola biləcək yeni dalğa qarşısında daha təhlükəsiz və daha effektiv mübarizədə dövlətin aparmış olduğu mübarizənin yanında olsun. Peyvəndləmənin ortalama olaraq, cəmiyyətin 60 faizə qədərinin əhatə olunmasına nail olunsun. Ümidvaram ki, bu gün cəmiyyətdə peyvəndə olan münasibət və eləcə də, dövlətin bu məsələnin həllində ortaya qoyduğu səylər birləşəcək, artıq payız aylarına daha böyük vaksinasiya rəqəmləri ilə qədəm qoya bilərik. Bütün bunlar gələcəkdə həm ölkədaxili, həm də xarici ölkələrə səyahətlərimiz, sosial-mədəni, iqtisadi fəallığımızın davamlılığının saxlanılmasında vacib rol oynayacaq”.  

Gülnar Əliyeva

 

İstinadlar Qafqazinfo