“Müasir standartlara cavab verən təmizləyici qurğusu olmayan, atmosferə külli miqdarda tüstü və zərərli qaz qarışıqları atan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub”.

Bu sözləri Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov 217 ictimai-iaşə obyektlərində aparılan monutorinqlər barədə məlumat verən zaman deyib. O bildirib ki, may ayında aparılan araşdırmalar zamanı şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa yalnız 1 şadlıq sarayında müasir standartlara cavab verən təmizləyici qurğunun olduğu müəyyən edilib:

“Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması məqsədilə vaxt verilib. 
Verilmiş vaxt müddətində 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir. 

Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar  qarşısında vəsatət qaldırılacaqdır. 

Oxumağa dəyər:   14 sərxoş sürücü aşkarlandı

Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində  demək olar ki, heç bir iş görülməyib”.

İstinadlar Qafqazinfo