Sahələrdə çəltik yığımı davam edir. Noyabrın 20-nə olan operativ məlumata əsasən, fermerlər tərəfindən ilkin çəkidə 9821,9 ton çəltik yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi nəticəsində bu il çəltikçilikdə orta məhsuldarlıq göstəricisi yüksəlib.

Ötən ilin yekununa əsasən, çəltikçilikdə yekun orta məhsuldarlıq 29,9 sentner olub. Bu il çəltikçi fermerlər mövsümün yekununa xeyli qalmış bu göstəricini yeniləyiblər. Belə ki, noyabrın 20-nə olan məlumata görə, çəltik üzrə orta məhsuldarlıq 34,3 sentnerə yüksəlib.

Qeyd edək ki, bu il Azərbaycanda 3030,9 hektar sahədə çəltik əkilib, indiyədək 2863,9 hektar sahə biçilib. 2020-ci ildə Azərbaycanda çəltik əkini sahələrinin yarıdan çoxu ənənəvi çəltikçilik bölgələrindən olan Lənkəran, Ağdaş və Ucar rayonlarının payına düşür. 2020-ci ildə Lənkəranda 730,5 hektar, Ağdaşda 615 hektar, Ucarda 550 hektar sahədə çəltik əkilib.

Hazırda çəltik üzrə üzrə orta məhsuldarlıq Zərdabda 48,7 sentner, Astarada 41,2 sentner, Göyçayda 38 sentner, Masallıda 34,2 sentner, Lənkəranda 34,1 sentner, Ağdaşda 32,1 sentner, Ucarda isə 31,9 sentner təşkil edir.

Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.

İstinadlar Qafqazinfo