İyirmi illik brend stajına malik olan “CELT Colleges”in məzunları dünyanın ən məşhur universitetlərinə və kolleclərinə daxil olublar.Bu baxımdan, ötən tədris ili də istisna olmadı.

“CELT High School” şagirdlərinin bu günlərdə Nobel qardaşlarının Ev-muzeyində keçirilmiş buraxılış gecəsində bu haqda ətraflı söhbət oldu.

Bu il “CELT High School”-un A-Level proqramı üzrə təhsil almış 22 məzunu yüksək ballar toplayaraq birbaşa bakalavriata – 3 illik tədris proqramı üzrə dünyanın 50 aparıcı universitetləri siyahısındakı ali məktəblərin bakalavriatının birinci kursuna daxil olublar.

Buraxılış gecəsinin iştirakçıları təkcə bu təntənənin səbəbkarları deyildi. Yenicə tələbə adı qazananların sevincini bölməyə onların valideynləri və yaxınları da gəlmişdi. Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev və Milli Məclisin deputatı Arzu Nağıyev isə tədbirin fəxri qonaqları arasında idi.

Buraxılış gecəsinin aparıcısı Kəmalə Mahmudova giriş nitqi ilə tədbiri açdı. “CELT High School”-un olduqca uğurlu fəaliyyəti barədə söhbət açan K.Mahmudova vurğuladı: “Biz bu il yüksək ballar toplayaraq, dünyanın nüfuzlu ali məktəblərində bakalavr dərəcəsi ala biləcək gənclərimizlə fəxr edə bilərik”. Belə ali məktəblər arasında University of Birmingham, Queen Mary University, University of Sheffield, University of Monash, University of Southampton, KU Leuven, George Mason University, Hofstra University, University of Nottingham, EPITA School of Engineering & Computer Science in Paris GPA, Ferris State University, City University of London, Lancaster University, Wilfrid Laurier University, University of Windsor, Algoma University, University of Waterloo, University of Toronto, University of Manitoba, University of New Brunswick, University of Regina və başqa adlı-sanlı təhsil müəssisələri var.

Sonra çıxış üçün söz Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevə verildi. Çingiz müəllim, necə deyərlər, işi başdan aşdığına baxmayaraq, “CELT High School” məzunlarını qazandıqları uğur münasibətilə təbrik etməyə vaxt ayırmışdı. Xalq yazıçısı öz çıxışında qeyd etdi ki, təhsil cəmiyyətin əsasını təşkil edən elementlərdən biridir.

Çingiz Abdullayev vurğuladı: “Bizim gələcəyimiz və inkişafımız təhsillə bağlıdır. İkinci Qarabağ müharibəsində Qələbəni də biz savadlı və təhsilli kadrların sayəsində qazandıq”.

Çingiz müəllim çıxışının sonunda “bu gün Azərbaycanda belə savadlı, öz xalqını bütün dünyada məşhurlaşdırmaq üçün gözəl imkanlara malik olan gənclərimizə görə hədsiz qürur hissi keçirdiyini” etiraf etdi.

Çingiz Abdullayev “CELT High School” məzunlarına diplomları təqdim edərək, səmimiyyətlə dedi: “İnanıram ki, vaxt gələcək, mən qürurla deyəcəyəm – baxın, vaxtilə bu oğlana və ya qıza diplomu mən təqdim etmişəm!”

Milli Məclisin deputatı Arzu Nağıyev çıxışında bildirdi ki, bu gənclər təhsili başa vurandan sonra xaricdə qalıb orada yaşamalarından və ya Vətənə qayıdacaqlarından asılı olmayaraq, onlardan
hər birinin qəlbində həmişə Azərbaycan yaşayacaq və onlar harada olsalar da, həmişə öz ölkəsini təmsil edəcəklər.

“CELT Solleges”in direktoru Xəyyam Dəmirov tədris ilinin müvəffəqiyyətlə tamamlanması münasibətilə təbriklərə qoşuldu. Öz şagirdlərinə görə xüsusi qürur hissi keçirdiyini bildirən direktor qeyd etdi ki, məktəbin təhsilə fərdi yanaşması həm təcrübədə sınaqdan çıxarılmış təhsil praktikasına və standartlara, həm də real dünya təcrübəsini tədris prosesinə cəlb edən qabaqçıl metodikalara fokuslanır.

Buraxılış gecəsinin sonunda Xəyyam Dəmirov və “CELT High School”un məzunları bayram tortunu kəsdilər.

 






İstinadlar Qafqazinfo