Cəlilabad rayonunda Vətən Müharibəsi qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevin barelyefinin açılış mərasimi keçirilib.

Bu gün, həmçinin şəhidin doğum günü münasibətlə rayonun Heydər Əliyev Mərkəzində anım tədbiri olub. Tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları, qazilər, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.

Tədbirdə çıxış edənlər qəhrəman kapitanın döyüş yolundan və onun igidliklərindən söz açıblar.

Daha sonra tədbir şəhidin oxuduğu Cəlilabad rayonunu Göytəpə şəhər 1 nömrəli orta məktəbində davam edib. Məktəbdə şəhidin xatirə lövhəsinin açılışı baş tutub.

Həmçinin şəhidin doğulduğu Göytəpə şəhərində, ata yurdunda barelyefinin açılış mərasimi keçirilib.

Sonda şəhid kapitanın məzarı ziyarət edilib və üzərinə tər güllər düzülüb. Onun ruhuna dualar oxunub, xatirəsi böyük hörmətlə yad edilib.

Qeyd edək ki, Rəşad Abdullayev 1988–ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2003-cü ildə hərbi liseyə daxil olub. Hərbi liseyi uğurla bitirindən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olan Rəşad 2012-ci ildə yüksək bacarıq və xüsusi hərbi keyfiyyətlərinə görə xüsusi təyinatlıların sırasına qəbul edilib.

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Sentyabrın 28-də ağır yaralanan Rəşad Abdullayev həmin ayın 30-da şəhid olub.

Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən şəhidimiz Murovdağ yüksəkliyinin azad olunmasında böyük şücaət göstərib. Vətən müharibəsinin başlandığı ilk günlərdə Murovdağ istiqamətində əks hücum əməliyyatlarına rəhbərlik edən Rəşad Abdullayev tabeliyində olan hərbi qulluqçularla birlikdə ermənilərin 100-ə yaxın döyüşçüsünü məhv edərək 7 postu azad edib. Hərbçi yoldaşları ona “Murov aslanı” ləqəbi veriblər.

Şəhid kapitan evli idi, 2 övladı yadigar qalıb.

İstinadlar Report