“INMerge” İnnovasiya Sammiti bütün region üçün innovasiya ekosistemini gücləndirmək öhdəliyinin sübutudur.
Bunu “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində deyib.
“Artıq dördüncü ildir keçirilən sammit təkcə biznesimiz üçün deyil, həm də bütün region üçün innovasiya ekosistemini gücləndirmək öhdəliyimizin sübutudur. Biz yüzdən çox startapdan ibarət müxtəlif qrupları bir araya gətirdik. Onların hər biri müxtəlif sənaye sahələrində yeni perspektivlər və gələcəyi formalaşdıracaq qabaqcıl ideyalar verirlər. Sammit hər zaman istedadlı insanları imkanlarla, sahibkarları investorlarla birləşdirən platforma olub. Ötən illər ərzində biz bu sahibkarlara öz təşəbbüslərini yeni zirvələrə qaldırmağa imkan verən əhəmiyyətli investisiyaları asanlaşdırmışıq”, – o vurğulayıb.
Onun sözlərinə görə, hazırda insanların irəliyə doğru getmək və peşəkar inkişaf etmək istəyini təşviq etmək lazımdır: “Hər kəsin böyük və ya kiçik iş görməsindən asılı olmayaraq, qlobal rifaha töhfə verə biləcəyini dərk etmələrinə əmin olmalıyıq. Biz övladlarımıza, yeniyetmələrimizə və gənc mütəxəssislərimizə öyrətməliyik ki, onlar diqqətlərini başqa insanlara kömək etməyə və maraqlanan hər kəs üçün dəyər yaratmağa yönəltməli və heç vaxt dəyəri məhv edən fəaliyyətlərə cəlb edilməməlidirlər”.