Aktiv istehlakçı modeli Azərbaycanda bərpa olunan enerjidən istifadənin inkişafına töhfə verəcək.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev kiçik həcmli bərpa olunan enerji istehsalı mövzusunda keçirilən tədbirdə deyib.

O, “yaşıl enerji” keçidinin Azərbaycanda iqtisadi, sosial və ekoloji cəhətdən vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, aktiv istehlakçı modeli vətəndaşların və sahibkarların Azərbaycanda “yaşıl enerji” istehsalında iştirakını genişləndirərək, uzunmüddətli perspektivdə enerji xərclərinin azaldılmasına imkan yaradacaq.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndəsi Nigar İsmayılova isə çıxışında JICA-nın Azərbaycanda dəstəklədiyi layihələr barədə məlumat verib. Cari məlumatlandırma tədbirinin JICA kiçik qrant layihəsi çərçivəsində təşkil olunduğu diqqətə çatdırılıb.

Tədbirdə BOEMDA və “Azərişıq” ASC-nin mütəxəssisləri aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqinə dair qanunvericiliyin tələbləri, həmçinin texniki məqamlara dair təqdimatlarla çıxış ediblər. Təqdimatlarda günəş panelləri, külək turbinləri və digər yaşıl enerji qurğularının quraşdırılması, istehsal edilən artıq enerjinin şəbəkəyə ötürülməsi, tariflər, əvəzləşmə və hesablaşma mexanizmləri barədə geniş məlumat verilib.

İstinadlar Report