Prezident İdriss Debi İtnonun ölümündən sonra Çadda keçid hərbi şurası yaradılıb.

Mərhum prezidentin oğlu general-leytenant Mahamat İdriss Debi İtno şuranın sədri seçilib.

Hərbçilər tezliklə “keçid dövrün xartiyası”nı elan edəcəklər.

Prezidentin ölümü ilə əlaqədar Çadda iki həftəlik milli matəm elan edilib. Bütün ölkə ərazisində komendant saatı tətbiq olunub.

Bir qədər öncə Çad prezidenti İdriss Debi İtno qiyamçılara qarşı hərbi əməliyyat zamanı aldığı yaralardan ölüb. Dövlət başçısı həftəsonu paytaxt Ncamenadan şimalda qiyamçı qoşunlarını məhv etmək üçün şəxsən rəhbərlik etdiyi əməliyyat zamanı ölümcül yara alıb.

Bundan əvvəl isə Çadın seçki komissiyası ölkəyə 1990-cı ildən bəri rəhbərlik etmiş marşal İdriss Debi İtnonun aprelin 11-də prezident seçkilərində qələbə qazandığını bildirib.