“Qarabağın azad edilməsi Azərbaycanın 30 ilinin ən mühüm hadisəsidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, 30 illik qanayan yara sağalıb: “Qafqazda olan sülh və əmin-amanlıqdan bütün bölgə ölkələri qazanacaq. Biz də sülhün təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq. Bu işdə maddi-mənəvi itirən tərəf Qarabağda yaşayan insanlardır. 30 il azəri qardaşlarım öz evlərindən qaçqın hala gəldilər. Oralar işğal altında idi. 30 il sonra bu torpaqlar sahiblərinə qovuşdu.

Böyük liderlik göstərərək bu zəfəri Azərbaycana qazandıran hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərin yanında Qarabağda zəfərə çatmaq üçün tək yumruq, tək ürək olan Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Qarabağın azadlığı üçün mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərə Allahdan rəhmət diləyirəm.

Bu savaşda Türkiyə bütün qəlbi ilə Azərbaycanın yanında yer alıb. Bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Biz gələcəkdə bir və bərabər olacağıq”.