Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda 44 günlük Vətən Müharibəsinin başlamasının 2-ci ildönümü və Vətən torpağını düşməndən qəhramancasına təmziləyərkən canlarını fəda etmiş şəhidlərimizin anılması məqsədi ilə 27 sentyabr 2022-cü il tarixində mərasim baş tutmuşdur.

Mərasimdə “Buta Supply” şirkətinin təşəbbüsü ilə 3 000-ə yaxın ağac əkilmiş və tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Vahid Hacıyev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) sədri cənab Ülvi Mehdiyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və “Buta Supply” şirkətinin əməkdaşları iştirak etmişdir.

Ağacəkmə kampaniyasında sərv, zeytun, eldar şamı və digər növ ağaclar olmaqla, ümumilikdə 3 000-ə yaxın ağac əkilib.

“Buta Supply” şirkətindən verilən məlumata görə, bu kampaniyanın məqsədi 30 il ərzində vandalizmə məruz qalmış torpaqlarımızda ekoloji tarazlığın bərpa edilməsi, azad edilmiş torpaqlarımızda dövlətimiz tərəfindən aparılan yenidənqurma işlərinə dəstəyimizin ifadə edilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsindən ibarətdir. Şirkət gələcəkdə də bu cür sosial layihələri davamlı şəkildə keçirməyi hədəfləyir.

Qeyd edək ki ,Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il ölkəmizdə 27 sentyabr Anım Günü keçirilməsi qərara alınmışdır. “Buta Supply” şirkəti də Anım Günündə öz sosial məsuliyyət missiyasını yerinə yetirir və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması məqsədi ilə həyatlarını itirmiş şəhidlərimizə Allahdan rəhmət, qəhrəman qazilərimizə isə can sağlığı arzu edir.