Bundesver (Almaniya Silahlı Qüvvələri) maliyyə çatışmazlığı ilə üzləşib.
Bu etirafı Almaniyanın müdafiə naziri Boris Pistorius edib.
Onun sözlərinə görə, Bundesverin 2025-ci ildə modernləşdirilməsi üçün 6 milyard avro əlavə vəsait lazımdır.
Pistorius qeyd edib ki, 2025-ci ildə Bundesverə mövcud təchizat problemlərini aradan qaldırmaq üçün təxminən 58 milyard avro lazımdır:
“Hazırkı vəziyyəti nəzərə alsaq, bizə təxminən 52 milyard avro ayrılacaq. Bu o deməkdir ki, 6 milyard çatışmır. Nəticədə 100-ə yaxın layihə həyata keçirilməyib və avadanlıqların alınması təxirə salınıb”.
Bu, “Puma” piyada döyüş maşınlarının sonrakı tranşına, lazımi sursata və uzaqmənzilli dəqiq silahların hazırlanmasına aiddir. Almaniya koalisiyasında mürəkkəb danışıqları nəzərə alaraq, o, vəzifələrin diapazonunun son dərəcə böyük olduğunu etiraf edib.