Bu gün Novruzun ilk müjdəçisi olan Su çərşənbəsidir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Qafqazinfo”ya bildirib ki, Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsində ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur.

O qeyd edib ki, hazırda Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 7 dərəcə, Aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək müşahidə edilir:

“Son illərin statistikasına görə, Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır.

Məsələn, 2018-ci ilin Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə isti, 2019-cu ildə 12 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 10 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 16 dərəcə isti olub. Bu gün isə 7 dərəcəyədək isti müşahidə olunur”.

Xidmət rəisi son illərin çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən bildirib ki, 2024-cü ilin Su çərşənbəsinin havası əvvəlki illərin hava şəraiti ilə müqayisədə daha asağı temperatur ilə səciyyələnir:

“Su çərşənbəsinin inancları suyun təbiətdə bütün canlıların həyat mənbəyi olduğunu göstərir. Bu baxımdan onu qorumaq və əlbəttə ki, sudan qənaətlə istifadə etmək lazımdır”.

İstinadlar Qafqazinfo