
Bundan sonra xaricdən smartfon alıb ölkəyə gətirəndə IMEI kodu məcburi bəyan etməli olacaqsınız.
Bu qayda fevralın 15-dən daha ciddi şəkildə tətbiq edilməyə başlanılacaq.
Belə ki, bu günə qədər bu qayda var idisə, yayınma hallarına görə hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Yəni fevralın 15-dən əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz, həmin cihazı ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz. Bununla da qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək.
Bildirək ki, heç bir yerli poçt daşıma şirkəti smartfon gətirmədiyi üçün bu qayda o xidmətə aid edilmir. Beynəlxalq daşıma şirkətləri də bu prosesi həyata keçirdiyi üçün indiyə qədər gömrüyə məhsul bəyan edilirdi. Yəni burada heç bir dəyişiklik olmayacaq.
Burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edən kiçik mağazalara dəyəcək.
Qeyd edək ki, qanuna görə, hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər. əgər məhsul 800 dollardan yuxarıdırsa, bu zaman onun IMEI kodunu gömrükdə bəyan etməlisiniz. Belə ki, həmin məbləğdən 800 dollar çıxılıb, yerdə qalan məbləğ üçün 36% rüsum ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq.