Bakıda baş tutacaq “Texnofest 2022” ilə bağlı bu gün akkreditasiyadan keçmiş  jurnalistlər üçün mediatur təşkil edilib.

Mediatur çərçivəsində jurnalistlər festivalın keçiriləcəyi ərazi ilə tanış olub.

Həmin ərazidə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi, həmçinin Müdafiə Nazirliyinə məxsus texnikalar nümayiş etdiriləcək.

“Teknofest” çərçivəsində həmçinin Azərbaycan və Türkiyənin digər nazirliklərinin də stendləri nümayiş olunacaq.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib ki, dünyanın ən texnologiya festivalı Türkiyə hüdudlarından kənarda ilk olaraq Azərbaycanda keçiriləcək: “Bir neçə gün sonra 26-29 May tarixlərində “Texnofest 2022” festivalı start götürəcək. Festivalda həm azərbaycanlılar, həm də qonaqlar iştirak edəcək. Festival çərçivəsində müxtəlif texnologiya festivalları keçiriləcək və onların qalibləri müəyyən olunacaq. Azərbaycanın və Türkiyənin Müdafiə Nazirliyinin nümayəndələri qatılacaq, həmçinin də pilotlar aviaşoular göstərəcək. 

Su üzərində unikal, məşhur uçan adam şousu, “Flyboard” şousu Azərbaycanda ilk dəfə festival iştirakçılarına nümayiş etdiriləcək”

Nazirin müşaviri qeyd edib ki, “Teknofest” istər azərbaycanlı, istərsə də türkiyəli gənclərin texnologiya sahəsində inkişafı üçün böyük əhəmiyyət kəsb edir: “Bu gün ölkəmizdə texnologiyanın inkişafı, bu sahəyə marağın artırılması prioritet təşkil edir. Bu platformadan hər bir kəs qalib olaraq çıxacaq”.

Eldar Tanrıverdi

Müzəffər İsmayılov






İstinadlar Qafqazinfo