Bu silahlar Ağdərədə müsadirə edildi – Video

Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat və müxtəlif təyinatlı döyüş texnikasının müsadirə edilməsi üzrə tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.
Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib.
Bundan başqa qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də silah və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb.
8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan edildi – Video

8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus həmin hissədə planlı yoxlama aparıb.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu müəyyən edilib.
AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bildirib ki, araşdırma zamanı həmçinin bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkar olunduğu üçün həmin yerdə süd və süd məhsullarının satışı qadağan edilib.
Daha ətraflı videomaterialda:
Cari ilin 11 ayı ərzində görülən işlərin statistikası “Açıq qapı”da – Fotolar+Video

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçirilib.
Media nümayəndələri ilə görüşdə Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov və Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev mühüm məqamları jurnalistlərin diqqətinə çatdırıblar.
Teymur Cəfərov çıxışında cari il ərzində qazlaşdırılan və növbəti il qazlaşması nəzərdə tutulan kənd və yeni yaşayış massivlərinin sayını açıqlayıb.
Qurum rəsmisi cari ildə bu rəqəmin 150 olduğunu qeyd edərək növbəti ildə artaraq 170 olacağını vurğulayıb.
Teymur Cəfərov qazlaşdırılmayan kəndlərin isə sayının 900-ə yaxın olduğunu qeyd edib.
Şöbə rəisi bu ilin 11 ayı ərzində görülən işlər çərçivəsində 350 km müxtəlif diametrli borularla qaz xətlərinin çəkildiyini də media nümayəndələrinin diqqətinə çatdırıb.
Qurum rəsmisi cari ilin 11 ayı ərzində 11074 müraciətin daxil olduğunu bildirərək ötən ilin anoloji dövrü ilə müqayisədə azalmanın müşahidə edildiyini qeyd edib.
Ətraflı videoda:
Qərbi Azərbaycan Xronikası: Xaricdən köçürülən ermənilər niyə Basarkeçərə yerləşdirilib? – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə zaman-zaman erməni hiyləgərliyinin qurbanına çevrilən, əhalisinin milli tərkibi və kəndlərinin adı dəyişdirilən Basarkeçər rayonu haqqında süjet hazırlanıb.
“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan” adlı süjetdə iki əsrə yaxındır Azərbaycana qarşı torpaq iddiasından əl çəkməyən, türk dünyasını soyqırımı törətməkdə suçlamağa çalışan ermənilərin daim tarixi saxtalaşdırmaq metodunu seçib, silah və terror gücü ilə “dənizdən-dənizə” cəfəngiyatının baş tutması üçün ilk növbədə əhalinin tərkibini dəyişdirməyi həmişə ön plana çəkdiyi vurğulanır.
Bildirilir ki, Göyçə gölünün yaxınlığında yerləşən qədim yaşayış məskənində türk tayfaları eramızın 460-cı illərində məskunlaşıblar. Rayonun ərazisi bizim eranın əvvəllərindən XIX əsrin əvvəllərinə kimi Alban dövlətinin, sonralar ərəblərin, səlcuqların, qaraqoyunluların, ağqoyunluların, səfəvilərin, əfşarların, qacarların, XVIII əsrin ortalarından 1828-ci ilədək İrəvan xanlığının, 1828-ci ildən sonra çar Rusiyasının, 1918-1920-ci illərdə bir hissəsi Azərbaycan Demokratik Respublikasının, bir hissəsi isə daşnakların hakimiyyəti altında olub. 1930-1937-ci illərdə yeni inzibati-ərazi islahatı zamanı Yeni Bəyazid qəzası beş rayona bölünüb. Bu rayonlardan biri də azərbaycanlıların daha çox məskunlaşdığı Basarkeçər olub və Ermənistanın Çəmbərək, yəni indiki Krasnoselo, Aşağı Qaranlıq, yəni indiki Martuni, eləcə də Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd ərazidə yerləşib.
Qeyd olunur ki, Göyçə mahalı ərazisində ən böyük rayon olan Basarkeçər 1930-cu il sentyabrın 9-da yaradılıb: “1969-cu il iyunun 11-dək Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 kvadrat kilometr, əhalisi isə 70 mindən çox olub. Tarix boyu azərbaycanlıların yaşadığı bu torpaqlara ermənilər XIX əsrin birinci rübündə, yəni çar Rusiyasının Cənubi Qafqazı işğal edəndən sonra gəlib. 1828-1830-cu illərdə Çar Rusiyası Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən 84 min erməni köçürüb. Bunun nəticəsində 1873-cü ildə Basarkeçərdə 3145 erməni peyda olub və tədricən azərbaycanlıların sıxışdırılmasına başlanılıb. Haylar 1918-1920-ci illərdə daim oğuz-türklərinə qarşı vəhşiliklər törədib, Basarkeçər rayonu ərazisinə hücum edib dinc əhalini amansızlıqla qətlə yetirib, 22 kəndii darmadağın edib, 8 kəndi yandırıblar. Nəticədə çox sayda azərbaycanlı yurdlarını tərk etməyə məcbur olub.
Diqqətə çatdırılır ki, 1931-ci ildə çar hökumətinin siyasətindən 100 il sonra Basarkeçərdə 12 662 erməni, 17 306 azərbaycanlı olub. 1948-1953-cü illərdə Basarkeçərdən azərbaycanlılar xaricdən köçürülən erməniləri Ermənistanda yerləşdirmək bəhanəsi ilə Azərbaycanın müxtəlif bölgələrinə köçürülüb.
Nəhayət “ağ genosid” siyasəti 1988-ci ilin oktyabrında da davam edib, Basarkeçərdən azərbaycanlılar zorla çıxarılıb və Azərbaycanın 31 bölgəsinə səpələnib. İndi burada təkcə ermənilər yaşayır. Rayonda mövcud olan kəndlərin hamısının adı bir neçə dəfə saxtalaşdırılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə 50-dən çox tarixi yer adları dəyişdirilib.
Deyilir ki, Basarkeçər adının Vardenisə çevrilməsi növbəti erməni saxtakarlığıdır: “Lakin artıq hayların sonu olmayan bu hiyləgər siyasəti fiaskoya uğramaqdadır. Təbii ki, türklərə məxsus adları dəyişdirməklə ermənilər əzəli Azərbaycan torpağı olan Basdarkeçərdə əbədi məskən sala bilməyəcəklər. Çünki bu yurddan Miskin Abdalın və dədə Ələsgərin sazının səsi, xoş avazı gəlir.
Süjet Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il avqustun 17-də Kəlbəcər və Laçına səfəri zamanı dediyi sözlərlə yekunlaşır:
“Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və Basaekeçər rayonu 1930-cu ildə Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların mütləq əksəriyyəti azıərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi. Deportasiyaya məruz qalmışlar.
Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir və bütün digər indiki Ermənistan ərazisində yerləşən qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə çağrılmalıdır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
“Sanki mənsiz məni evləndirdilər” – Prezidentən maraqlı reaksiya+Video

Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən maraqlı fikirlər səsləndirib.
Dövlət başçısı bu barədə ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışında bildirib.
“Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər. Bunu necə etmək olar? Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam” – deyə Prezident maraqlı reaksiyası verib.
“Azərişıq” rəhbərliyi xarici şirkətlərin idarəçiləri ilə görüşdü – Video

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində “Azərişıq” ASC-nin rəhbərliyi bir sıra xarici şirkət rəhbərləri ilə görüşüb.
Görüşlər zamanı əsasən “Azərişıq” ASC-nin tətbiq etdiyi innovativ yeniliklər nəticəsində yaşıl enerji sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib.
Qeyd olunub ki, bu gün Azərbaycanda tətbiq olunan innovativ yeniliklər ənənəvi enerjidən yaşıl enerjiyə keçidi daha da sürətləndirir. 35/10/0,4 kV-luq üçpilləli sxemdən 35/0,4 kV-luq ikipilləli sxemə keçidlə Paylayıcı Elektrik Şəbəkələrinin topoqrafik sxemində gərginlik pilləsinin sadələşdirilməsi nəticəsində yaşıl enerji zonasında 6-10 kV-luq şəbəkələrin ləğvi ilə illik 42,5 milyon m³ təbii qaza qənaət edilir, həmçinin 102 min ton CO₂ (karbon dioksid) emissiyasının qarşısı alınır.
“Azərişıq” ASC tərəfindən “Yaşıl Enerji” mənbələrinin həyata keçirilməsi sayəsində bir yarımstansiyanın dam örtüyündə quraşdırılan mikro-Günəş Eleketrik Stansiyası illik istehsalı 40 min kilovatsaat təşkil edir. Bu da 1150 elektromobilin enerji təchizatına və ya 230 min km məsafəni qət etməyə imkan verir. Hər il bütün yarımstansiyalarda quraşdırılmış GES-dən alınan enerji ilə 48 mln. kilovatsaat elektrik enerjisi, 12 mln. kubmetr təbii qaza qənaət edilir.
“Azərişıq” ASC tərəfindən Rəqəmsal Yarımstansiyanın həyata keçirilməsi ilə Sadələşdirilmiş sistem təsvirləri və mobil 3D texnologiyasından istifadə etməklə mühəndislik səyləri azaldılır. Məsafədən işəsalma və sınaqdan keçirmə daha sürətli və asan olur. Həmçinin, “Azərişıq” ASC-də kabel və hava elektrik verilişi xətləri də daxil olmaqla, şəbəkə elementlərinin texniki vəziyyətinin qiymətləndirilməsi üçün xüsusi təyinatlı pilotsuz uçuş aparatlarından – PUA-dan istifadə edilməsi qəza yerlərinin müəyyən olunmasına şərait yaradır.
“Azərişıq” ASC tərəfindən ənənəvi metal konstruksiya əvəzinə 35-0,4 kV kompozit dirəklər quraşdırılır. Şüşə lifli kompozit dirəklər ildırım vurması, gövdəyə cərəyan sızması hallarında uzun məsafəli kabel xətlərində ənənəvi metal və dəmir-beton dirəklərdən daha yaxşı dielektrik xüsusiyyətlərə malikdir. Fiberglas kompozit dirəklər sərt iqlim və ərazi şərtlərində, buz, donma-ərimə dövrlərində və dağlıq ərazilərdə yaxşı dözür. Həmçinin çəkisinin aşağı olması onların çətin ərazilərə daşınmasını asanlaşdırır. Elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, təhlili və planlaşdırılmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün paylayıcı şəbəkələrdə İnformasiya Texnologiyalarının tətbiqi sahəsində müasir tendensiyalardan biri olan 3D – mobil xəritəçəkmə texnologiyası da artıq istifadəyə verilib.
Bakı-Şamaxı yolunda “Mercedes” yandı – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən “Qafqazinfo”-ya verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı 77-JE-022 dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın baş verməsi müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin mühərrik hissəsi və elektrik avadanlığı yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
Şəhid atasının istəyi qış gəlmədən həll edildi – Video

Oğuz rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Nurəliyevin atası SOCAR-ın “Azəriqaz” İB-yə müraciət ünvanlayıb.
Rövşən Nurəliyev müraciətində fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.
Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin yaşadığı fərdi yaşayış evi qazlaşdırılaraq sayğacla təmin edilib.
Ətraflı:
Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gündə “qara” bazarda dəyəri 4 milyon manat olan 132 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 45 gündə Bakı və Respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlayıb. Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 4 milyon manat olan ümumilikdə 132 kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb. Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri – Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanılıblar. Onlardan 48 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.
Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb bölgələrində də əlavə əməliyyatlar keçirib. Masallı rayonunda baş tutan tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən əsas şəxslərdən biri Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanılıb. Onun üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Sədərək ticarət mərkəzində yanğınla bağlı təlim keçirilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində təlim keçirilib.
Təlimin məqsədi yanğın texnikalarının “şərti yanğın” həyəcan siqnalı ilə obyektlərə, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi, eyni zamanda müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarının, orada işləyən şəxslərin maarifləndirilməsi olub.
Təlim zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin və ticarət mərkəzinin aidiyyəti yanğın avtomobilləri “şərti” yanğın yerinə yaxınlaşa bilməyiblər. Buna səbəb isə ticarət sıralarının keçid yollarında qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması, obyektlərin giriş hissələrində satış üçün nəzərdə tutulmuş malların yerləşdirilməsi olub.
Həmçinin, təlim zamanı ticarət mərkəzində qəza-işıqlandırma sisteminin olmadığı, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, daxili yanğın su kranlarının önünün ticarət malları ilə tutulduğu, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, ərazidə saxlanılan avtomobillər arasında yanğına qarşı ara məsafələrinin gözlənilmədiyi müəyyən edilib. Eyni zamanda, məlum olub ki, mərkəzdə qeyri-standart elektrik və qaz avadanlıqlarının satışı aparılır, ticarət cərgələrinin giriş sahələri odadavamlılığı məlum olmayan materialla (alkopon üzlüklə) üzlənib, anbarlarda normadan artıq mallar yığılıb, ərazidə fəaliyyət göstərən kafelərdə propan qaz balonlarından istifadə olunur, tələb olunan sahələrdə ildırımötürücü qurğular quraşdırılmayıb, iaşə və müxtəlif təyinatlı obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə məlumatlar ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların və yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin diqqətinə çatdırılıb.
FHN əməkdaşları tərəfindən, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Sonda sahibkarlara Xidmət tərəfindən yanğın təhlükəsizliyi haqqında hazırlanmış çap məhsulları təqdim olunub.
Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO

Son günlər mətbuatda bəzi həkimlərin sertifikasiyadan keçmədən fəaliyyət göstərməsi ilə bağlı məlumatlar paylaşılır. Bildirilir ki, sertifikasiya müddəti bitsə də, bir sıra həkimlər tibb müəssisələrində, xüsusən, özəl klinikalarda çalışır, xəstə qəbulu həyata keçirir və əməliyyatlar edirlər.
REAL TV mövzu ilə bağlı süjet hazırlayıb. Videomaterialda qeyd olunur ki, qanunvericiliyə uyğun olaraq, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Lakin təəssüf ki, dövlətin qoyduğu tələblərə bəzi həkimlər əməl etmir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, bu problemlə bağlı davamlı olaraq monitorinqlər aparılır. Belə hallar həmin həkimlərin çalışdıqları müəssisə rəhbərliyi üçün də inzibati xəta doğrurur. Lakin bununla belə hər bir həkim sertifikasiyasız çalışmağın risk olduğunu bilməlidir: “Biz vətəndaşların sağlamlığı ilə bağlı məsuliyyət daşıdığımıza görə, hər bir həkim özlüyündə bilir ki, sertifikatsız çalışmaq risk faktorudur. Bu həmçinin orta tibb işçiləri üçün də keçərlidir. Qaydalara əsasən, xaricdə təhsil almış mütəxəssislərin də ixtisasını təsdiq etmək üçün müvafiq prosedurlardan keçməsi vacibdir. Əks halda, biz kifayət qədər yetərli tibbi təhsili olub-olmadığını müəyyən edə bilmədiyimiz, özünü müxtəlif istiqamətdə mütəxəssis kimi təqdim edən şəxslərlə üz-üzə qala bilərik”.
2015-ci ildən sertifikasiyadankənar fəaliyyət göstəridiyi iddia olunan həkimlərdən biri – “Məlhəm” Klinikasında çalışan cərrah-oftalmoloq Aytən Sultanovadır. Onun sonuncu dəfə sertifikasiyadan 2015-ci ildə keçdiyi və bu müddətin 2020-ci ildə bitdiyi qeyd olunur. Həkimin sözügedən müddət də daxil olmaqla, müayinə və əməliyyatlar etdiyinə dair videolar sosial hesablarından mütəmadi olaraq paylaşılır.
A.Sultanova televiziyaya açıqlamasında sertifikasiyadan keçmədiyini təsdiqləyib. Lakin həkim bunu hazırda əməliyyat etməməsi, inzibati vəzifə tutması ilə əlaqələndirib: “2017-ci ildən inzibati vəzifədəyəm. Mən çalışdığım klinikada oftalmologiya bölməsinin rəhbəri yox, icraçı direktor müavini gedirəm. Hazırda əməliyyatlar həyata keçirmirəm. Nə vaxt qərara gəlsəm ki, əməliyyatları davam edim, müraciət edib sertifikasiyadan keçəcəyəm”.
Lakin araşdırmalarımızdan belə qənaətə gəlmək olar ki, həkimin sosial şəbəkələrdəki paylaşımlarından sertifikasiya müddətinin bitməsindən sonra praktik fəaliyyətlə məşğul olmadığını söyləməsi həqiqətə uyğun deyil. Məsələn, 2023-cü ildə paylaşılmış bu postlarda həkimin Eksimer lazer əməliyyatı kampaniyalarından bəhs edilir və A.Sultanova həftənin 1-5-ci günləri qəbul günlərinin olduğunu yazır:
Hazırda da bəzi fotolara yazılan şərhlər, o cümlədən bəzi videolar həkimin praktik fəaliyyətlə məşğul olduğunu sübut edir.
Qeyd edək ki, qanunvericiliyə görə, sertifikasiyadan keçməyən həkimlərin praktik tibb və əczaçılıqla məşğul olunması faktı aşkar edilərsə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbirləri həyata keçirilməlidir.
Qanunsuz tikililər söküldü – Video

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video

Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.
Bununla bağlı görüntülər “Baku TV”də yayılıb.
Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən televiziyaya münasibət bildirilib. Qeyd olunub ki, qəbir güclü külək nəticəsində dağılıb:
“Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, belə hal baş verib”.
Bildirilib ki, Yasamal qəbiristanlığında dəfn olunan mərhumun baş daşı yenisi ilə əvəz olunacaq.
Qeyd edək ki, aktrisa 1999-cu ildə vəfat edib. O, müğənni Rəşid Behbudovun bacısıdır. Mərhumun ən sevilən obrazı “Bəyin oğurlanması” filmində canlandırdığı Bibixanımdır.
Daha ətraflı videosüjetdə:
Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət

FHN sosial şəbəkə səhifələrində Bakıda inşa edilən binada standartlara cavab verməyən materiallardan istifadə ilə bağlı iddialara cavab verib.
Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10 sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8 mm olması ilə bağlı iddialar təsdiqini tapmayıb:
“Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilməklə “TRVEGE” MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır. Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16 sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10 mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir”.
Həmçinin qeyd edilib ki, sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayaraq yaydığını etiraf edib.
“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video

“Mən üç il Prezident Heydər Əliyevlə bütün səfərlərə getdim. Hamısını da yazırdım, 1993-cü ildən 2003-cü ilə qədər Heydər Əliyevlə bağlı qeydlər apardığım 60 dəftərim var”.
Bunu Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə REAL TV-yə müsahibəsində deyib.
Səfərlərdə ziyafət olanda, menyunu da götürüb gəlirdim. Tarix insitutunda işləyəndə bizi öyrətmişdilər ki, cızma-qara edilən kağızı da atmayın, bu, böyük tarixdir. Onların hamısını arxivə vermişəm. Özüm qeydlər apardığım dəftlər isə məndədir”.
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Veriliş Göyçə mahalının Güney kəndinə həsr olunub.
Araşdırmaçı Lütfiyar Nəsibov deyir ki, kəndin ilkin adı Sədənağac olub:
“İlk dəfə olaraq Sədənağac sözü İvan Şopenin məlum əsərində qeyd olunub. 1935-ci ildə kəndin adını dəyişərək Güney ediblər”.
Alim Əfqan Vəliyevin sözlərinə görə, kənd 1905-1907-ci illərdə yandırılıb:
“Əhalisinin bir qismi qəddarcasına qətlə yetirilib. Qalanları isə bir müddət Kəlbəcər və Gədəbəy ərazilərinə köçüblər, daha sonra kəndə qayıdıblar”.
Sənədsiz tikililər söküldü – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.
Həmçinin baxın
Cari ilin 11 ayı ərzində görülən işlərin statistikası “Açıq qapı”da – Fotolar+Video
Qərbi Azərbaycan Xronikası: Xaricdən köçürülən ermənilər niyə Basarkeçərə yerləşdirilib? – VİDEO
“Azərişıq” rəhbərliyi xarici şirkətlərin idarəçiləri ilə görüşdü – Video
Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO
“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO
Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO
Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla