“Milli Məclisin bir neçə deputatı hələ 1 il əvvəl etdiyim çağırışa nədənsə indi cavab verir. O zaman demişdim ki, 9 fevral növbədənkənar parlament seçkiləri haqqında ATƏT-in yaydığı yekun rəydə yerli dövlət qurumlarının namizədlərə qanunsuz təzyiqlər göstərməsi əks olunub”.

Bu barədə Real partiyasının sədri İlqar Məmmədov öz feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bu cür təzyiq əslində cinayətin bir növüdür: “Cinayəti isə tər-təmiz işləyən, saf icra başçılarının yox, rəsmən başqa cinayətlərdə ittiham olunan icra başçılarının törətdiyini düşünmək tam məntiqlidir.

Məncə, həmin dairədən seçilmiş deputatlar öz təmiz adlarını qorumaqdan ötrü istefa verib yenidən yarışa qatılsaydılar yaxşı olardı.

Bu çağırışı edəndə konkret adları düşünmürdüm, məsələyə sırf etik qayda bucağından baxmışdım. Amma madam ki, bəzi deputatlar cavab sözü ilə çıxış etdilər, gəlin görək söhbət kimdən getmiş ola bilər”.

İlqar Məmmədov seçkidən sonra həbs edilən 6 icra başçısının adını xatırladıb:

“Neftçala, Biləsuvar, Şəmkir, İmişli, Kürdəmir və Cəlilabadın icra başçıları. Bu ərazılərdə yerləşən seçki dairələri və deputatlar bunlardır:

Hakim partiya (Yeni Azərbaycan Partiyası):

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi – Əmiraslanov Əhliman

67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Malik

68 saylı Cəlilabad kənd seçki dairəsi – Nəsirov Elman

98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə

99 saylı Şəmkir kənd seçki dairəsi – Həsənov Nurlan

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi – Bayramov Kamran

102 saylı Samux-Şəmkir seçki dairəsi – Səfərov Nizami

Ana müxalifət (Vətəndaş Həmrəyliyi Partiyası):

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi – Hüseynov Rafael

61 saylı Neftçala seçki dairəsi – Rüstəmxanli Sabir

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – Ibrahimli Fəzail

Digər müxalifət (Ana Vətən və Milli Cəbhə partiyaları):

60 saylı Salyan-Neftçala seçki dairəsi – Ağamali Fəzail

79 saylı İmişli seçki dairəsi – Nurullayev Razi

Partiyasızlar:

57 saylı Kürdəmir seçki dairəsi – Ağazadə Əminə

66 saylı Biləsuvar seçki dairəsi – Məhərrəmov Bəhruz

Qəribədir ki, Məclisin tam tərkibinin 12 faizinə bərabər bu seçmə sosioloji baxımdan çox böyük olsa da, bütün Milli Məclisdə yerlərin 58 faizinə malik olan YAP burada cəmi 50 faizlə demək olar azlıqda qalır, yəni çoxluq təşkil etmir”. 

İlqar Məmmədovun sözlərinə görə, müxalifət indi Milli Məclisdə cəmi 10 faizə malik olsa da, bu siyahıdakı yerlərin 36 faizi onundur: 

“Yəni həmin rayonlarda, seçki YAP-ın əleyhinə saxtalaşdırılmış kimi görünür.

Bu rəqəmlər seçkidəki anormallıqdan, YAP-a qarşı törədilmiş mümkün ədalətsizlikdən xəbər verir və ATƏT-in rəyinə əlavə qüvvə verir. Sözügedən qəribəlik bütün bu dairələr üzrə təkrar seçkilərin keçirilməsi üçün daha bir məntiqi əsasdır.

P.S. Sarkazm düyməsini burada tapa bilmədim, amma bütün bunlar həm gülməlidir, həm də ölkəmizə yaraşmır.

P.P.S. Ötən seçkidə YAP 50 faiz, müxalifət 36 faiz yer qazansaydı, ölkə demokratiya istiqamətində ciddi irəliləyiş etmişdi. Amma nədənsə bu “irəliləyiş” ancaq icra başçıları sonradan həbs olunmuş dairələrdə baş verdi”.

İstinadlar Qafqazinfo